​Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə, əzm və qətiyyətlə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, sosial-iqtisadi inkişaf göstəricilərimiz əvvəlcədən prioritet olaraq qarşıya qoyulmuş hədlərə yüksəlmişdir.

Hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan respublikamızda həyata keçirilən köklü və sistemli islahatlar nəticəsində sosial iqtisadi sahə ilə yanaşı, bu sahədə dayanıqlılığı təmin edən, dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara uyğun olan hüquq və qanunvericilik sistemi də yaradılmış, dövlət təsisatlarında idarəçilik metodları ən yüksək standartlara müvafiq şəkildə formalaşdırılmışdır. Əsrlik tarixi ənənələri və milli hüquq sistemindəki vacib rolu ilə dövlət orqanları sırasında öz layiqli yerini tutan prokurorluq orqanları Respublikamızın inkişafına paralel olaraq tam yenidən qurulmaqla dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan müasir məzmunlu bir orqana çevrilmişdir.

Sürətli tərəqqi yolunu tutan ölkəmizdə ictimai münasibətlər intensiv şəkildə dəyişdiyindən prokurorluq orqanlarının qarşısında duran vəzifələrin həcmi və məzmununa dair tələblər də adekvat forma almışdır. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizə aparılır. İstiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlmiş, korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır. Korrupsiyaya qarşı barışmaz mübarizənin aparılması dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətini təşkil etdiyindən, korrupsiyaya qarşı preventiv tədbirlərin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə mövcud olan qəti siyasi iradə eyni zamanda konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur.

Həyata keçirilən genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərilməklə dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında mühüm rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilməsi, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə milyonlarla insanın müraciət etməsi, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Dövlət başçısının 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” dövlət orqanları tərəfindən 89% icra edilmiş, bu strateji sənədin icrası çərçivəsində qanunvericilik, dövlət xidmətləri, açıq hökumət, maarifləndirmə və beynəlxalq fəaliyyət sahələrində müvafiq olaraq Milli Məclisin deputatlarının etik davranış qaydaları haqqında və korrupsiya hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsi ilə bağlı qanunlar qəbul edilmiş, Elektron Xidmətlərin İnkişafı Mərkəzi yaradılmışdır. Habelə, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 9.5-ci bəndinin icrası ilə əlaqədar (İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi) dövlət başçısı tərəfindən cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam, habelə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı imzalanmaqla korrupsiya ilə mübarizə sahəsində aparılan mühüm institusional islahatlarda növbəti addım atılmışdır.

Son dövrlər ərzində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər korrupsiya və rüşvətxorluğa qarşı fundamental mübarizəyə başlanılmasının, dövlət başçısı cənab İlham Əliyevin qeyd edilən neqativ təzahürlərin tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir. 2020- 2022-ci illər üçün nəzərdə tutulmuş Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının təsdiq edilməsi bu istiqamətdə görülən böyük işlərdən biridir. Hazırda Milli Fəaliyyət Planının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə yönəldilmiş müvafiq işlər görülür. Dövlət Başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək etimadın növbəti təzahürü kimi 1 may 2020-ci ildə qanunverici orqan qarşısında namizədliyini irəli sürdüyü Baş prokurorun müavini- Baş İdarə rəisi Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi ilə bağlı videoformatda qəbul edərkən bu mühüm dövlət təsisatına korrupsiyaya qarşı daha fəal iş aparılmasını, struktur və kadr islahatlarının həyata keçirilməsini tövsiyə etməsi, eləcə də aktual mövzu ətrafında vurğuladığı digər vacib məqamlar qurumun üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməsi, habelə mübarizə tədbirlərinin daha da artırılması üçün ortaya qoyduğu siyasi iradənin göstəricisidir. Bu sahədə mövcud olan qəti siyasi iradə eyni zamanda konkret əməli-praktiki addımlarla müşayiət olunmuş və Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılmışdır.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət vermişdir. Belə ki, Azərbaycan Respublikası qoşulmuş olduğu Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında” konvensiyaları, Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" və “Korrupsiyaya qarşı” konvensiyaları və digər bu kimi mütərəqqi beynəlxalq təşəbbüslərdə əksini tapan müddəaları öz milli hüquq sistemində tətbiq etməklə səmərəli anti-korrupsiya qanunvericiliyi yaratmış və onun işləkliyini təmin edən siyasi iradə sərgiləmişdir. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin nəticəsi kimi, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti korrupsiya Şəbəkəsi də daxil olmaqla əksər beynəlxalq qurumların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər müsbət dəyərləndirilir. Bu müsbət tendensiya hər il yenilənən beynəlxalq reytinqlərdə də öz əksini tapır. Belə ki, Azərbaycan Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında“ və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyəti haqqında“ konvensiyalarını 11 fevral 2004-cü il tarixdə ratifikasiya etmiş və onlar qüvvəyə mindiyi 01 iyun 2004- cü il tarixdən GRECO-ya üzv olmuşdur.

Qeyd olunmalıdır ki, ölkəmiz müxtəlif dövr ərzində GRECO tərəfindən həyata keçirilən “Korrupsiyaya qarşı” beynəlxalq konvensiyaların hüquq sisteminə implementasiyasının I, II, III və IV Dəyərləndirmə raundlarını bitirmişdir. Müasir dövrdə müxtəlif ölkələrdə dövlət idarəçiliyinin səmərəliliyinin və şəffaflığının artırılmasında mühüm rol oynayan rəqəmsal xidmətlər və onlayn platformaların korrupsiya cinayətlərinin qarşısının alınmasında da effektiv istifadə edilməsinin nəzər alınaraq bu mübarizədə zamanın çağırışları ilə səsləşən informasiya texnologiyalarının yeni imkanlarından istifadənin genişləndirilməsi məqsədilə mütəmadi olaraq Baş İdarənin, eləcə də hərbi prokurorluğun işçilərinin ixtisasartırma kurslarına cəlb edilməsi həyata keçiririlir.

Ölkə başçısı korrupsiyaya qarşı mübarizəni özünün prioritet vəzifələrindən biri hesab edir və bu məsələ daim onun nəzarətindədir. Belə ki, Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 4 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında tarixi Sərəncam imzalamışdır. Həmin Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Fəaliyyət Planının əsas və vacib müddəalarından biri odur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu 2004-cü il 13 yanvar tarixdə qəbul olunmasına baxmayaraq Qanunun 5.1-ci maddəsinin tələblərinə bu günə qədər əməl olunmayıb. Belə ki, həmin maddəyə görə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə məlumatları təqdim etməlidirlər: Artıq Milli Fəaliyyət Planı maddənin bu tələbini vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi redaksiyasında nəzərdə tutmuş və onun icrası Nazirlər Kabinetinə tapşırılmışdır. Digər icraçılar isə Baş Prokurorluq, və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır. Növbəti tədbirlərdən biri isə vəzifəli şəxslər tərəfindən təqdim edilən maliyyə xarakterli məlumatlar haqqında bəyannamədəki məlumatların müvafiq məlumat bazalarındakı məlumatlarla uyğunluğunun yoxlanılmasına imkan verən elektron informasiya mübadiləsinin formalaşdırılması ilə bağlı təkliflərin təqdim edilməsidir. Planda bir çox məsələlərin həlli nəzərdə tutulmuşdur.

Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə Milli Fəaliyyət Planının ana xəttini təşkil edir. Plana əsasən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim kurslarının təşkili, hərbi qulluqçular üçün korrupsiyaya qarşı mübarizə sahəsində tədris kurslarının, treninqlərin və seminarların təşkili nəzərdə tutulur. Bundan əlavə, Milli Fəaliyyət Planında yerli özünüidarəetmə orqanlarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı mütərəqqi norma Milli Fəaliyyət Planının əsas müddəaları kimi qeyr edilmişdir. Sənəddə yerli özünüidarəetmə sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəb və şəraitin öyrənilərək aradan qaldırılması ilə bağlı əlavə tədbirlər görülməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi müəyyən edilmişdir.

Dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması Milli Fəaliyyət Planının əsas müddəalarından biridir. Hər halda bu sahədə müvafiq qanunvericilik qəbul edilərsə bir sıra neqativ halların qarşısı alınmış olar. Dövlətçiliyə sadiqliyini sübuta yetirmiş hərbi prokurorluğun kollektivinin hər bir əməkdaşı bundan sonra da fəaliyyətlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən göstərilən etimada layiqli səviyyədə qurulması üçün qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər.

Rəcəb Əhməd

Füzuli Hərbi prokurorunun müavini, ədliyyə mayoru


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı