Milli Məclisdə boş qalan deputat yerlərinin sayı açıqlandı

Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb.

Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından məhrum olunub.

Qeyd edək ki, 2023-cü il sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Ötən il iyulun 14-də 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev dünyasını dəyişib.

Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

Bundan başqa, 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Həmçinin, 2020-ci ilin avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

Onu da xatırladaq ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı