Almatı görüşündə nələr müzakirə ediləcək? - "Fikir ayrılıqları var"

"Mayın 10-da keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh sazişinin mətninə son düzəlişlər müzakirə edilə bilər. Çünki, indiyə qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı düzəliş və əlavələr edilərək, məktublaşma prosesi baş verib. Bakı öz düzəliş və əlavələrini edərək, İrəvana göndərib, İrəvan da eyni zamanda Bakıya göndərib".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, tərəflərə artıq bir-birinin mövqeyi bəllidir:

"Bunun fonunda nazirlər sülh sazişinin mətni ilə bağlı son müzakirələri aparacaqlar. Sərhədin delimitasiyasının hansı prinsiplə aparılması haqda hələ də ortaq mövqe yoxdur. Qazaxın 4 kəndinin azad edilməsi prosesində, Qazax-Tavuş sərhədinin delimitasiyasında ortaq mövqe tapılsa da, sərhədin digər hissələrində bununla bağlı fikir ayrılığı var".

Politoloqun sözlərinə görə, kommunikasiyanın hansı prinsiplə açılması məsələsində də fikir ayrılığı mövcuddur:

"Nazirlərin görüşünün həmin fikir ayrılıqlarının tam aradan qaldırılması ilə nəticələnəcəyini demək çətindir. Çünki, sərhəd məsələsi uzunmüddətli prosesdir. O cümlədən, kommunikasiyanın açılması məsələsində tək Azərbaycan və Ermənistanın maraqları yox, həm də geosiyasi maraqlar var. Lakin, nazirlərin görüşü sülh sazişinə dair niyyət protokolunun imzalanması və yaxud protokolun müzakirəsi baxımından irəliləyiş əldə edə bilər. Azərbaycan və Ermənistan arasında qarşıdakı dövrdə ilkin sülh sazişi yox, niyyət protokolu imzalana bilər. Bu da böyük bir irəlliləyişdir".

Qeyd edək ki, mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı