Saxta spirtli içkilər hazırlayan dəstə saxlanıldı

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb.

Metbuat.az xəbər verir ki, polis əməkdaşları tərəfindən gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.

Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində gizli sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib.

Tədbirlərin davamı olaraq adı çəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib. Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb.

Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

Aşkar olunan faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı