"Paşinyan Putinlə görüşməyə məcbur idi" - Siyasi ekspert

“Ermənistanın baş naziri Nikol Paşinyan inaqurasiya mərasimində Putini alqışlamasını Qərbdəki tərəfdaşlarına izah edə bilməzdi, lakin Avrasiya İqtisadi İttifaqının iclası üçün Moskvaya getməsinin izahı var”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. O hesab edir ki, Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri “məcburi” xarakter daşıyır.

“Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir. Əgər alternativ tapılmasa bu bazarı itirə bilməz. Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq.

Lakin körpüləri xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə tamamilə yandırılmasını da istəmir”.

Ekspert qeyd edib ki, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilərdi:

“Birincisi, Paşinyandan anti-Rusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər.

İkincisi, Ermənistanın xarici siyasət vektorunu – Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq. İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər”.

A.Nərimanlı düşünür ki, Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq:

“İnandıra bilməsə, Rusiyanın Ermənistana qarşı ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı