"İran başa düşür ki, Azərbaycanla diktə ilə danışmaq olmaz" - Deputat

İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycana qarşı təhdidedici ifadələr işlədib.

Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.

Hazırda İran-Azərbaycan münasibətlərinə toxunan millət vəkili Arzu Nağıyev Metbuat.az-a bildirib ki, son vaxtlar ciddi qarşılıqlı problemlər hiss olunmasa da, mütəmadi olaraq bəzi qüvvələr Tehran-Bakı arasında gərginlik yaratmağa cəhd edirlər:

“Bu gərginliyin qabardılmasında İrandakı mətbuat orqanlar da mütəmadi olaraq iştirak edirlər. “Keyhan” qəzeti də bu problemləri qabardan əsas istiqamətlərdə çıxışlar edir. Bizim öz daxili və xarici siyasətimiz var. Kimlə dostluq etmək, kiminlə tərəfdaşlıq etmək də Azərbaycanın özünə xasdır və bu siyasəti də Azərbaycan özü formalaşdırır. Hər hansı təhdidə gələndə isə, “Keyhan”da yazılan heç də birmənalı şəkildə İranın rəhbərliyinin və İran dövlətinin mövqeyini əks etdirmir. Lakin biz dolayı şəkildə hiss edirik və görürük. Azərbaycan daim istənilən absurd təhdidin də qarşısını almağa hazırdır. Verilən bəyanatlar da sadəcə söz yığımından başqa bir şey deyil”.

Arzu Nağıyev xatırladıb ki, hazırda regionda logistik məsələlər və birgə kommunikasiyaların bərpa edilməsi, yenidən işlənməsi məsələsi gündəmdədir. Millət vəkili düşünür ki, belə bir həssas vaxtda İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşması ilk növbədə İranın özünə müsbət nəticələr gətirə bilər:

“Hesab edirəm ki, İranda da bunu yaxşı dərk edirlər. İranın Azərbaycana qarşı apardığı müxtəlif təxribat xarakterli hadisələr, dini xarakterli radikal qrumların yaradılmasının qarşısı xüsusi xidmət orqanlarımız vasitəsi ilə alınır. İran da başa düşür ki, Azərbaycanla hansısa diktə dilində danışmaq mümkün deyil. Azərbaycan regionun aparıcı dövlətidir. Gələcəkdə də həm islami, həm də dünyəvi ölkələrdən olan Azərbaycanla dostluq İran üçün çox mühüm əhəmiyyət kəsb edir. Onlar bizimlə olan xarici siyasətlərini elə bu istiqamətdə də qurmalıdırlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı