Pensiya və müavinətlər bu tarixdən artırılacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son günlər aktual mövzusu olan büdcə müzakirələri barədə danışıb.

O bildirib ki, hələlik bununla bağlı qanun layihəsi parlamentə daxil olmasa da, ilin birinci yarısında neftin qiyməti kifayət qədər yüksək olub. 2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan Vahid Əhmədov bildirib ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər:

"Büdcə daxilolmalarının artıq olması təkcə neftin payına düşmür. Digər sahələrdən gəlirlər nəzərdə tutulandan da yüksək ola bilər. Dediyim kimi, sənəd Milli Məclisə daxil olduqda, bu barədə dəqiq məlumat verə bilərik".

Məsələ barədə iqtisadçı Rəşad Həsənov Metbuat.az-a bildirib ki, çox böyük ehtimalla 2024-cüildə müəyyən istisnalar xaric kütləvi sosial paketlər açıqlanmayacaq:


“Bu istiqamətdə işlər aparan qurumların verdiyi açıqlamalardan da bəlli olur ki, 2024-cü ildə minimum pensiya və minimum əmək haqqının artırılması istiqamətində qərarlar qəbul edilməyəcək. 2024-cü il üçün müvafiq mövqe hədəf inflyasiyaya nail olma tədbirləri çərçivəsində gözdən keçirilirdi. 2023-cü ildə inflyasiyanın təxminən doqquz faiz səviyyəsində olması 2024-cü il üçün çox böyük çağırışlar yaratsa da, hələlik bu istiqamətdə addımın atılmasını gözləmirəm”.

İqtisadçı vurğulayıb ki, 2025-ci ildə sosial müavinətlərə, təqaüdlərə yenidən baxılacaq, minimum əmək haqqı artırılacaq:

“Hətta ola bilsin ki, bu istiqamətdə yeni yanaşma - saatlıq minimum əmək haqqına keçid tətbiq olunsun. Hər il qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyalar indeksləşdirilir. Minimum pensiyanın həddinin artırılması ehtimalı isə 2025-ci il üçün daha yüksəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı