Bu imtahanlarda yenilik ediləcək

"Dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq".

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) və İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda forum zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştəəsaslı qiymətləndirmə modelinə keçidlə bağlı məlumat verib:

"İnsan kapitalının iqtisadiyyata təsiri var. İldən-ilə təhsilə ayrılan maliyyə artır. Səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub. Hüquqi müstəviyə keçid üçün təqribən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə, qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir. Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştəəsaslı qiymətləndirmə modelinə keçid edəcəyik".

Məleykə Abbaszadə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, dövlət qulluqçularının təlimə olan tələbatını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən effektli və davamlı təlim sisteminin formalaşdırılması barədə danışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı