Saatlı, 6 iyun, Mahir Babayev, AZƏRTAC
Taxıl biçininin mütəşəkkil həyata keçirilməsi ilə bağlı iyunun 6-da Saatlı rayonundakı Gənclər Mərkəzində zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Aqrolizinq” ASC-nin respublikada fəaliyyət göstərən 12 nümayəndəliyi üzrə 55-ə yaxın rayon servisinin rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyin müvafiq qurumlarının yerlərdəki idarə və şöbələrinin vəzifəli şəxsləri iştirak ediblər.
Zona müşavirəsində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ötən il taxıl biçininin 25 günə yekunlaşdığını qeyd edib, cari ildə də bu kampaniyanın optimal müddətdə başa çatdırılmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, mövcud olan, eləcə də dövlət vəsaiti hesabına xarici ölkələrdən alınmış və yüksək texniki parametrlərə malik kombaynlardan səmərəli istifadə etməklə taxıl biçini vaxtında və itkisiz həyata keçirilməli, təlükəsizlik tədbirlərinə, əməyin mühafizəsi məsələlərinə diqqət artırılmalı, lizinqlə alınmış kombaynların ödənişləri ilə bağlı heç bir ləngimələrə yol verilməməlidir.
Müşavirədə “2015-ci il biçin mövsümündə qarşıda duran vəzifələr”, “Taxıl yığımı mövsümündə kombayndan səmərəli istifadənin, işlərin və ödənişlərin uçotunun təşkili”, “İtkisiz taxıl yığımı və təkrar əkinlərin tətbiqi” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan da bəhs edildi, iştirakçıların sualları cavablandırıldı.
Zona müşavirəsində taxıl biçininin mütəşəkkil həyata keçirilməsinin vacibliyi vurğulanıb