Azərbaycanda temperatur kəskin artır - 50 dərəcə isti olacaq

Azərbaycanda son günlər havanın temperaturu isti keçir. Bakıda və Abşeron yarımadasında temperatur 35 dərəcədən düşmədiyi halda bir sıra aran rayonlarında daha isti hava dalğası müşahidə olunur.

Bəs bu il Azərbaycanda hava şəraiti ötən ilə nisbətən daha isti keçə bilərmi?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov news24.az-a bildirib ki, anormal istilər müşahidə olunmasa da, ölkənin əksər bölgələrində temperatur maksimuma qalxa bilər:

“Ümumiyyətlə, Qafqaz regionundakı ölkələrin temperaturu yay aylarında bir qədər yüksək olur. Konkret Azərbaycanda hansısa ildə temperaturun yüksək və ya aşağı olacağını orta müddətli prespektivə görə demək mümkün deyil. Yaxın müddətli prespektivdə iyun ayı üçün proqnoz vermək olar. İndi nəzərə almalıyıq ki, may ayında yağışlar çox oldu, hava şəraiti qeyri-sabit keçdi. Buna görə də düşünmək olar ki, iyun ayı daha isti olacaq. İyul-avqust ayları isə iyuna nisbətən daha stabil keçə bilər”.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə son illər qlobal iqlim dəyişikliyi prosesi özünü doğrultmağa başlayıb. Onun sözlərinə görə, ölkə ərazisində yay aylarında ən güclü istilərin müşahidə olunduğu bir neçə bölgələr var: “Böyük və kiçik Qafqaz, Kür-Araz ovalığı, aran zonaları, Gəncə-Qazax, Qarabağ ərazisi və şimal sərhədlərdə hava isti ola bilər. Yay mövsümündə Kür-Araz ovallığında necə isti başlayırsa, sentyabra qədər də elə davam edir. İstənilən halda Azərbaycanda yay mövsümü isti keçir. Çox ciddi istilər ola bilər, amma bu nadir illərdə hiss olunur. Güclü istilər daha çox Naxçıvan ərazisində qeydə alınır. İstilər Kür araz ovalığında və aran zonasında çatsa, maksimum 43-44 dərəcəyə qədər çatar”.

Amin Məmmədov əlavə edib ki, temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. Yəni önümüzdəki aylarda temperatur 44-45 dərəcəyə çatarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı