Latviyanın azərbaycanlı deputatı: "Ermənistanın heç bir çıxış yolu yoxdur"

38 yaşlı azərbaycanlı Amil Səlimov Latviyada keçirilən parlament seçkilərində uğur qazanıb. 1985-ci ildə Latviyada doğulan, əslən Azərbaycanın Ucar rayonundan olan A. Səlimov Latviya parlamentinin deputatı seçilib. Orta və ali təhsilini Latviyada alan azərbaycanlı siyasətçi bu ölkənin ictima-siyasi həyatında gördüyü işlərlə məşhurlaşıb. 2016-cı ildə Latviyada siyasətlə məşğul olmağa başlayan həmvətənlimiz bu ilin fevralında Latviya parlamentinə deputat seçilib, “Sabitlik” partiyasını təmsil edir. Latviya parlamentində milliyətcə latviyalı olmayan yeganə deputatdır.

Amil Səlimovun Metbuat.az-a müsahibəsini təqdim edirik:

Amil bəy, əvvəlcə oxucularımız üçün fəaliyyətiniz barədə danışardınız.

Deputat olmaqla bərabər, Latviyada “AZƏRİ” Gənclər Cəmiyyətinin sədriyəm və Azərbaycanın diaspor fəalı kimi fəaliyyət göstərirəm. 2006-cı ildən Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərini Latviyada geniş təbliğ etməklə məşğulam. Deputat olana qədər uzun illər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmişəm.

2018-2022-ci illər ərzində Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olmuşam.

Azərbaycana tez-tez səfər edirsiniz?

Çalışıram vaxt olduqca Azərbaycana gəlim. Demək olar ki, hər il gəlirəm. Bu ilin axırına qədər də vətənə səfərimiz olacaq.

Azərbaycan parlamentində münasibətiniz olan deputatlar varmı?

Siyasətə yeni gəldiyimə görə, hələki yoxdur, inşallah olar.

Azərbaycanın daxili və xarici siyasətini yaxından izləyirsiniz?

Azərbaycanın siyasətini izləyirəm. Görürəm ki, Azərbaycan xarici siyasətini çox düzgün istiqamətdə aparır. Həddindən artıq savadlı strategiya seçilib. Düzgün əlaqələr qurulur. Hər şey ən yüksək səviyyədə həyata keçirilir.

Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar gedir. Necə düşünürsünüz, yaxın müddətdə müqavilənin imzalanması mümkün olacaq?

Ermənistanın heç bir çıxış yolu yoxdur. Tək çıxış yolu Azərbaycan ilə sülh müqaviləsinə razılaşmaq və imzalamaqdır. Gec-tez onlar sülh müqaviləsini imzalamağa məcburdular. Azərbaycan öz siyasi və hərbi gücünü beynəlxalq diplomatik arenada sübut edib. Azərbaycanın qurduğu siyasət çox düzgündür. Diplomatik arenalarda işlənən sözlər onu göstərir ki, Azərbaycan bütün dediyi sözlərin arxasında duran ölkədir.

Hazırda Baltikyanı ölkələrdə Azərbaycan diasporunun fəaliyyəti hansı səviyyədədir?

Baltikyanı ölkələrdə bizim diaspora çox gözəl fəaliyyət göstərir. Azərbaycana 2-ci Qarabağ müharibəsində informasiya sahəsində çox böyük dəstək verib. Azərbaycanın mədəniyyəti burada çox yüksək səviyyədə təqdim olunur.

Təmsil etdiyiniz partiyadan danışaq. Partiya olaraq siyasətiniz hansı istiqamətdədir və hədəfləriniz nədən ibarətdir?

Biz 2021-ci ildə partiyanı yaratdıq. 2022-ci ildə isə artıq parlamentə keçdik. Hal-hazırda parlamentdə 10 yerimiz var. Latviyanın parlamenti 100 deputatdan ibarətdir, 10% bizimdir.

Latviyanın son illər apardığı siyasət o qədər də ürəkaçan deyil. Biz səhvləri görürük. Çalışırıq ilk növbədə Latviyanın maraqları olsun. Bu barədə müzakirələr aparırıq. Əsasən miqrasiya sahəsində olan problemləri asanlaşdırmağa çalışırıq. Azərbaycan vətəndaşları rahat Latviyaya gələ bilsin. Milli azlıqların hüquqlarını qoruyuruq. Çalışırıq ki, Latviyanın daxili iqtisadiyyatı inkişaf etsin. Çünki bizim çox böyük zərərlərimiz var. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Latviyanın xarici siyasəti düzgün aparılmır.

Siyasətçi və deputat olaraq gələcək hədəfləriniz necədir?

İlk növbədə Azərbaycan mədəniyyətini təbliğ etmək. Azərbaycanın turizm potensialı yüksəkdir, bu sahəni inkişaf etdirməli, Latviyadan Azərbaycana turistlər cəlb etməliyik. Azərbaycan Gürcüstandan daha gözəl ölkə olsa da, latviyalıların çoxu ora gedirlər. Çünki təbliğat zəifdir. Bu sahədə işlər görməliyik.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı