Bu cür qurulan ailələrin bir çoxu uğursuz olur - Komitə sədri

Xəbər verdiyimiz kimi, qan qohumlarının nikaha daxil olması qadağan edilə bilər. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Metbuat.az mövzu ilə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova ilə söhbətləşib. Deputat bildirib ki, ailələrin sağlam mühitinin təşkili, onun uğurlu olması üçün qanunvericilik bazamız davamlı olaraq təkmilləşdirilir:

"Məqsədimiz hər bir vətəndaşımızın hüquqlarını qorumaq, mövcud boşluqların və çətinliklərin qarşısını almaqdır. Ailə cəmiyyətin əsasıdır. Bu əsaslar sağlam təməl üzərində qurulanda, daha da möhkəm olur. Lakin neqativ halları da müəyyən etmək və onların həllinə nail olmaq hamımızın vəzifəsidir. Bu mənada erkən yaşda qurulan ailələr, qohum evlilikləri bizi daim narahat edir.

Bildiyiniz kimi, 2011-ci ildə millət vəkili olan Respublikanın vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ailə məcəlləsində dəyişiklik edilərək nikah yaşı qadınlar və kişilər üçün 18 müəyyən edildi. Bu, o zaman üçün çox mühüm dəyişiklik oldu. Qanunvericilikdə qeyd olunurdu ki, obyektiv səbəblər olduğu halda nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən bir il azaldıla bilər. 13 il bundan əvvəl edilən dəyişiklik müsbət nəticələrini göstərdi".

Hicran Hüseynova onu da vurğulayıb ki, bu cür qurulan ailələrin əksəriyyəti uğursuzluqla nəticələnir:

"Lakin erkən nikah problemi yenə də aktualdır. Erkən nikahların fəsadları kifayət qədərdir. Bu həmin qızın fiziki-psixoloji sağlamlığına, sosial həyatına, özünü cəmiyyətdə şəxsiyyət kimi cəmiyyətdə ifadə etməsinə bir sıra problemlər yaradır. Bu ailələrin bir çoxu uğursuz olur. Boşanma halları çoxalır. Belə qızlarımız yaş azlığı, təcrübəsizlik və məlumatsızlıqdan hətta insan alverinin qurbanı olurlar. Biz bununla bağlı dəfələrlə ictimai dinləmələr keçirmişik, müzakirələr aparmışıq.

Mən bununla bağlı bir faktı demək istərdim ki, hələ 1970-ci illərdə Ulu öndər Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərirdi. Tibb işçilərinə göstərişlər verirdi. Müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi:

“Bizim xalqımızın, millətimizin həm fiziki həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların biri-birilə evlənməsidir”.

Komitə sədrinin sözlərinə görə, genofondumuzun sağlam formalaşması üçün bu istiqamətdə biz hərtərəfli çalışmalıyıq.

"Təəssüf ki, bu bizim keçmişdən gələn adət-ənənəmizdir. Biz ənənə və adətlərimizin çoxuna hörmət edirik. Onları inkişaf etdiririk və etdirməliyik. Amma o adətlər insan üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq.

Tibb işçiləri və alimlər bunun həm ailələr, həm də millətin gələcəyi üçün nə qədər zərərli olduğunu dəfələrlə deyib. Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Bu da ailələrdə problemlərə səbəb olur".

Deputat son olaraq bildirib ki, qanunvericilikdə olan dəyişikliklərə insanların müsbət yanaşacağına inanır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı