Bu şəxslər pensiyasız qala bilər - AÇIQLAMA

Azərbaycanda əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 min nəfəri iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib ki, vətəndaşların cəmi 35,6%-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda, bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65%-nin əmək müqaviləsi yoxdur. Hər 100 vətəndaşdan 65-i müqavilə olmadan çalışır.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, Vüqar Bayramovun sözləribə görə əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. “Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması, eləcə də, dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir", - V.Bayramov əlavə edib.

İqtisadçı Fuad İbrahimov bildirib ki, hər şeyin icra mexanizmi olmalıdır:

“Bu, çox ciddi problemdir. Adiyyəti dövlət orqanları bu prosesi nəzərdə saxlamalıdır. Daim bu məsələ qaldırılır, müzakirə olunur, amma tənzimlənmir. Statistika isə biabırçılıqdan başqa bir şey deyil. Yəni əmək qabiliyyəti olan vətəndaşların üçdə bir hissəsi iqtisadiyyatda fəaldır. Qalan hissəsi gizli iqtisadiyyatın onurğa sütununa çevrilib. Bu, belə olmamalıdır. Bu cür hallar bir çox sahələrə mənfi təsir göstərəcək".

İqtisadçı gələcəkdə pensiya fondunun yüklənəcəyini vurğulayıb:

“Hazırda əmək müqaviləsi olmadan işləyən insanlar gələcəkdə acınacaqlı vəziyyətlə üzləşəcəklər. Minlərlə insanın gələcəyi təhlükə altındadır. Müəyyən bir kütlə var ki, onların gələcəkdə təqaüd alması müşkül hala çevrilib. İnsanların pensiya ala bilmə imkanları əlindən alınır. Hökumət bu məsələni tənzimləməlidir. Bu gün iş təklif edib müqavilə bağlamayanlar öz maraqlarını həyata keçirmiş olurlar. Bu, gələcək üçün böyük yükdür. Gələcək nəsil bundan əziyyət çəkəcək. Problemi indidən həll etmək lazımdır. Deputat bu məsələni işıqlandırıb, indi isə aidiyyəti orqanlar reaksiya verməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı