"Ənənə əsasında qurulan ailələrdə sağlam uşaq formalaşmır" - Psixoterapevt

“Ailə qurmaq istəyən cütlüklər gələcək üçün sağlam düşüncə ilə addım atmalıdırlar. Sağlam ailə anlayışının inkişafı elmə söykənməlidir”.

Bu fikirləri Metbuat.az-a psixoterapevt Rövşən Nəcəfov deyib. Mütəxəssis bildirib ki, ailənin davamlılığına bioloji, fizioloji və psixoloji amillər təsir edir. Əgər düşüncə dəyişərsə, bu, davamlılığına müsbət təsir göstərmiş olacaq:

Qohum evliliklərində uşaqlar psixoloji olaraq sağlam böyümürlər -

“Adət-ənənə ilə qurulmuş ailələrin davamlılığı müşahidə olunur. Amma həmin ailələrdə sağlam fərd formalaşmayıb. Bu gün boşanan şəxslər adət-ənənə ilə ailə qurmuş ünvanlarda böyüyüblər. Ailənin davamlılığı xoşbəxtlik üzərində deyil, adət-ənənə üzərindədir. Ailə, iki şəxsin xoşbəxtliyidir. Xoşbəxt ailələrdə sağlam fərd yetişə bilər. Kənardakılara görə bir çətirin altında bir ömür yaşamaq bədbəxtlikdir. İnsanlara xoşbəxt olmağın vacibliyi öyrədilməlidir”.

Psixoterapevt vurğulayıb ki, qohum evliliklərində bioloji, fizioloji və psixoloji olaraq problemlərin yaranması riskləri daha çoxdur:

“İnsanlar elmə inanmalıdırlar. Keçmişdəki təcrübələr bu gün üçün aktuallığını itirib. Keçmişlə yaşamaq doğru deyil. Psixoloji olaraq insanlar bir-birlərinin həyatını məhv edirlər. Qohum evliliklərində psixoloji uyğunsuzluqlar daha çoxdur.

Ailə həyatı qurulduğu zaman müsbət və ya mənfi hadisələr fəlakətləşdirilir. Sevgisiz ailə cəmiyyətə sağlam övlad verə bilməz. Eyni psixoloji hal boşananda da baş verir. Sağlam düşüncəli insanlar boşandıqları halda belə bunu fəlakət hesab etmirlər”.

Evliliyin və boşanmağın iki şəxsin sağlam qərarına əsaslanmalı olduğunu qeyd edən R.Nəcəfov qeyd edib ki, ailə qurmamışdan öncə cütlüklər psixoloji uyğunluq dəyərləndirməsindən keçməlidirlər:

“Ailələrin dağılmasının əsas səbəbi psixoloji uyğunsuzluqdur. Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi sağlam ailənin başlanğıcıdır. Ailə qurmaq istəyən şəxslər buna hazırlaşmalıdırlar. Sağlam ailənin təməli sağlam düşüncədir. Psixoloji uyğunsuzluq olan cütlüklər konsultasiyalar alaraq özlərini ailə qurmağa daha hazır hiss edəcəklər. Yaranacaq problemlərə qarşı əvvəlcədən psixoloji immunitet yaratmış olacaqlar. Gələcək problemləri bu gün aradan qaldırmaq olar. İnsanlar evliliyin həyatlarında hansı mənanı ifadə etdiyini dərk etməlidirlər. Xoşbəxtlik ailə qurmaq deyil, sağlam ailə qurmaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı