Deputatlar "Son zəng"lərindən danışdı - "Təbaşir qoxusunu unutmuram"

Bu gün Azərbaycanda "Son zəng" günüdür. Minlərlə şagird orta təhsillərini başa vuraraq müstəqil həyata qədəm qoyurlar.

Metbuat.az bu günlə bağlı Milli Məclisin deputatları ilə söhbətləşib. Onlar öz məktəb xatirələrini bizimlə bölüşüblər:

Deputat Azər Badamov bildirib ki, məktəb illərindən unutmadığı məqam müəllimlərin tələbkarlığıdır:



"1985-ci ildə 5 saylı Kimya-biologiya təmayüllü internat məktəbini bitirmişəm. Məktəb illərində unuda bilməyəcəyim məqam müəllimlərimizin tələbkarlığı və hər gün dərsə hazır getməyimizlə bağlıdır. Çünki axşam saat 11-ə kimi məktəbin heyətində küçə lampasının altında oxuyurduq. Elə bil ki şagirdlər oxumaqda bir-biri ilə rəqabət aparırdılar. Ona görə də, məktəb illərimizin necə gəlib keçdiyini hiss etmədik. Maraqlısı isə məktəbi bitirəndən sonra məktəbdən ayrılmaq istəməməyimiz idi. Heç kim çıxıb evə getmək istəmirdi. Biz məktəbimizi doğma evimiz kimi qəbul etmişdik".

Millət vəkili Fazil Mustafa isə müəllimlərinə minnətdarlığını bildirib:

Picture background

"1982-ci ildə Əli Sultanlı adına Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirmişəm. Məktəb illərindən xatırladığım çox məqam var. Amma əsas xatırladığım müəllimlərimdir. Onlara minnətdarlıq borcum var. Bu gün hansısa bir mövqeyə gəlməyimdə müəllimlərin önəmli rolu var. Hamısını şükranlıqla xatırlayıram".

Deputat Ceyhun Məmmədov məktəb illərində müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb:

Picture background

"Mən təhsilimi Cəbrayıl rayonunda almışam. Daha sonra isə rayon mərkəzində təhsilimi davam etdirmişəm. 1992-ci ildə orada məktəbi bitirmişəm. Məktəb illəri ən gözəl illərimizdəndir. Xatirələr çoxdur. Ən gözəl xatirələrimiz müəllimlərimizlə bağlı olanlardır. Müxtəlif yarışlarda, bayramlarda iştirak edirdik. Yadda qalan xatirələrimdən ən vacibi də müəllimlərin bizə qarşı olan sevgisi, dəstəyi idi".

Arzu Nağıyev isə bizə təhsil müddətində qazandığı uğurlardan danışıb:



"Mən 1980-cı ildə Tovuz rayon Bozalqanlı məktəbini qızıl medalla bitirmişəm. Bir neçə dəfə Respublika olimpiyadalarının qalibi olmuşam. Beynəlxalq olimpiyadalarda qalib olmuşam. Məktəb illərindən mənim yadımda qalan xatirə, anamın mənə tövsiyə etdiyi şeiri söyləməyimdir. Müəllimələrim həmişə yadımdadır. Dünyasını dəyişənləri Allah rəhmət eləsin. Digərlərinə isə möhkəm can sağlığı arzulayıram. Həyatda formalaşmağımda onların müstəsna rolu olub".

Deputat Etibar Əliyev isə məktəb illəri ilə bağlı xatirələrindən belə söz açıb:

Picture background

"1980-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kənd orta məktəbini bitirmişəm. Həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşam. O dövrün məktəbi bir qədər fərqli idi. Sovet məktəbi idi. Çox intizamlı müəllimlərimiz var idi. Universitet dövründə də çox yaxşı müəllimlər bizə dərs keçdi. Biz ermənilərlə bir korpusda təhsil alırdıq. İdman və bilik yarışlarında həmişə çalışırdıq ki, onlara qalib gələk. Buna da nail ola bilirdik. Bir çox idman yarışlarında mən onlara qalib gəlmişəm. Məktəb illərində heç vaxt unutmadığım məqam odur ki, hər il sentyabrın 1-də ibtidai sinif müəlliməmizə yasəmən gülü aparırdıq. Bütün həyətlərdə yasəmən çiçəyi var idi. O dövr təbaşir lövhə dövrü idi. O təbaşirin qoxusu heç vaxt yadımdan çıxmır. Universiteti bitirdikdən sonra, tez-tez həmin məktəbə gedib, uşaqlara fizika fənnindən hazırlıq keçirdim".

Millət vəkili Aydın Hüseynov da ona dərs deyən müəllimləri xatırlayıb:

Picture background

"1979-cu ildə Tovuz rayonu Hacılar kənd orta məktəbini bitirmişəm. Məktəb vaxtından heç vaxt unutmayacağım insanlar müəllimlərimdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı