"İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq".
Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.
"Hamrun Spartans" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşmalı olan Ağdam klubunun çalışdırıcısı bu ilin Azərbaycan futbolu üçün uğurlu olacağını bildirib:
"Həm Avropa Liqası, həm də Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlar arzulayıram. Bizim üçün II təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır. Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar. Bu, böyük təcrübədir. "Linkoln" bizə tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın qazanması mümkündür. Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi hesab edirlər. Belə fikirlər futbolçulara təsir edə bilər. Psixoloji baxımdan tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq".
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də reallaşacaq.