Ombudsman vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində iştirak edib.

Bu barədə Metbuat.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ombudsman Səbinə Əliyeva mərasimdə açılış nitqləri ilə çıxış edib.

Müvəkkil çıxışı zamanı ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirildiyini, vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.

Ombudsman təsisatı və Vəkillər Kollegiyası arasında əməkdaşlıq əlaqələrindən bəhs edən S.Əliyeva qurumlar arasında əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və bununla da hüquq və azadlıqların daha etibarlı müdafiəsi və maarifləndirmə işinin təşkili istiqamətində əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.

Müvəkkil vəkillik fəaliyyəti ilə bağlı normativ-hüquqi aktların təkmilləşdirilməsi prosesində yaxından iştirak etdiyini bildirib, bu sahədə həyata keçirilən islahatların, vəkillik institutunun güclənməsinin və nüfuzunun artmasının bu fəaliyyət növünə marağın artmasına da şərait yaratdığını qeyd edib.

Sonra Vəkillər Kollegiyası ilə Ombudsman təsisatının birgə əməkdaşlığında verdiyi xüsusi töhfəyə görə Səbinə Əliyevaya “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı təqdim olunub.

Yekunda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Ombudsman Səbinə Əliyeva onlara vəsiqələri təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı