14 il əvvəl sürücünü ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəmkirdə 14 il əvvəl taksi sürücüsü olan həmkəndlisi Məhərrəm Həsənovu öldürməkdə şübhəli bilinən Turab Vəliyevin məhkəməsi başlayır.

Metbuat.az xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə yaydığı məlumata görə, 16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən yolda “Daewoo Nexia“ markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü rayonun Yeniabad kənd sakini Həsənov Məhərrəm Kamil oğlunun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyiti aşkar edilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığı üçün iş üzrə icraat dayandırılıb. Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.

Məlum olub ki, Şəmkir rayonunun Yeniabad kənd sakini Vəliyev Turab Malik oğlu 15 fevral 2010-cu il tarixdə taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə gedib, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirib. Daha sonra aralarında mübahisə yaranıb. T.Vəliyev həmkəndlisi M.Həsənovu həmin vaxt qətlə yetirməkdə şübhəli bilinib.

T.Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı