Fərdlərin maariflənməsindən cəmiyyətlərin yüksəlməsinə doğru - Humay Axundzadə yazır

İstənilən tarixi dövr fərdlər və cəmiyyətlər qarşısında yeni çağırışları ortaya qoyur. Bu çağırışlar cəmiyyətlər tərəfindən sosial miqyasda, fərdlər tərəfindən isə çox zaman mənəvi-psixoloji müstəvidə qavranılır. Lakin qavrayış müstəvisindən asılı olmayaraq, onlar eyni qaynaqdan bəhrələnir. Bu qaynaq bəşəriyyətin fasiləsiz prosesuallığıdır. Yaşanılma səviyyəsindən asılı olaraq, bəzən tarixi sınaq, bəzən isə fərdi taleh sınağı kimi qavranılan qlobal çağırışlara sinə gərmək və bunu inkişaf potensialına çevirmək üçün geniş mənada elmi biliklərin zənginləşdirilməsi, onların tətbiqini və işləkliyini artırmaq üçün cəmiyyətə əlçatanlığının təmin olunması zəruridir. Bu baxımdan sosial elmlər sahəsində biliklər müstəsna rola malikdir.

Dövrümüzün görkəmli sosioloqlarından olan Giddensin və həmkarı Sattonun Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təqdim edilən kitabın giriş hissəsində çox vacib bir müqayisə aparılır. Sosial elmlərdə öz yerini tapmış bir sıra anlayışları sadalayaraq, müəlliflər qeyd edir ki, bu anlayışlar sosioloji hadisələri öyrənmək üçün yaradılır, sonra isə gündəlik həyata sızaraq, insanların yaşadıqları dünyanı necə qavramalarına təsir göstərir. Bu, təbiət elmlərindəki vəziyyətdən fərqlidir. Təbiət elmlərində proses Giddensə görə, birtərəfli xarakter daşıyır. Sosiologiyada anlayışlar, tədqiqat nəticələri və nəzəriyyələr cəmiyyətin özünə qayıdaraq, insanların fikir və davranışlarına təsir göstərir. Sosioloji anlayışlar sosioloqlar və onların tədqiqat obyektləri arasında ikitərəfli prosesdir. Sosioloji bilik cəmiyyəti dəyişmək potensialı ilə öyrənilən sosial kontekstin bir hissəsinə çevrilir.

Bu fikrə istinad edib, onu genişləndirərək, bir analogiyanı göstərmək istərdim. Hər bir fərdin şəxsiyyət kimi kamilləşmə yolu onun özünüdərketməsinin inkişafından keçir. Kamil insan özünü dərk etmək yolunda zəkasının və hisslərinin maneələrini aşa bilmiş insandır. Və bu maneələr aşıldıqca, bilməzlikdən biliyə doğru yol keçildikcə, şəxsiyyət artıq öz əvvəlki halına qayıtmır. Yeni, daha kamil və daha yetkin biri olur. Bu proseslər fəlsəfi perspektivdən çox təhlil olunsa da, onların bilavasitə cərəyan etmə “məkanı” psixoloji müstəvi sahəsindədir.

Analoji prosesi biz cəmiyyətlərin zamanda irəliləməsinə də şamil edə bilərik. Cəmiyyətin də inkişafı, yetkinləşməsi, hər yeni dövrdə özünün əvvəlki halından daha yüksək yerə gəlməsi onun özü haqqında dürüst bilgilərə malik olmasından, sırf cəmiyyətin özünə xas olan prosesuallığın həmin cəmiyyətdə geniş şəkildə anlaşılmasından çox dərəcədə asılıdır. Məhz bu amillər sayəsindən toplumlar öz inkişaf potensialını gerçəyə çevirə bilərlər. Bu baxımdan, beyin mərkəzləri və cəmiyyətin ziyalı təbəqəsinin istehsal etdiyi sosial-humanitar biliklər, habelə müasir ictimai elmlərin ana sütununu təşkil edən konseptual aparatın əlçatanlığının təmin olunması son dərəcə əhəmiyyətlidir.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müasir dövrün aktual problemlərinin geniş spektrini əhatə edən məsələlərin tədqiq olunaraq, ictimaiyyətə təqdim edilməsi ilə yanaşı, bugün təqdim olunan “Sosiologiyada əsas anlayışlar” kitabı da cəmiyyətimizin zamanda irəliləmə yolunda həyata keçirilən fasiləsiz, ardıcıl addımlardan biridir.

Giddensin müəllifi olduğu və yalnız peşəkarlar üçün deyil, geniş oxucu kütləsi üçün nəzərə tutulan digər kitablara da xas mühüm cəhətləri özündə ehtiva edir. Kitabdakı anlayışların təqdim edilmə tərzi, onların nəzəri və praktik əhəmiyyəti, hər birinin tənqidə zəif tərəflərinin olmasına rəğmən aktuallının necə, hansı sahələrdə davam etdiyinin göstərilməsi sanki oxucuya sətraltı olaraq, bir sıra mesajları ötürür.

1. Müəlliflər göstərir ki, mübahisəsiz elm ola bilməz. Sosiologiyada fikir ayrılığının olması normaldır. Oxucu burda heç bir sosioloji konsepsiyanın birmənalı xarakter daşımadığını görür. Cəmiyyətdəki prosesləri yalnız təsvir etməyərək, hətta mühüm sosial hərəkatların hərəkətverici qüvvəsinə çevrilən anlayışların belə yetməyən, çatmayan tərəfləri vardır və heç bir konsepsiya mütləqləşdirilə bilməz.

2. Sosioloji təfəkkür həm fərdin özünüdərketməsi, həm də sosial aləmin dərk olunmasında müstəsna rol oynayır. Sosiologiyanın öyrənilməsi bir sıra düşüncə çərçivələrindən qurtuluş hadisəsidir. O, insan fəallığının dərkinin yeni perspektivlərini açır.

3. Kitabla tanışlıqdan aydın olan daha bir məsələ sosial-humanitar elmlərin sərhədlərinin nisbiliyi və şəffaflığıdır. Sosiologiyanın tamhüquqlu anlayışlarının bir çoxu həm də digər elm sahələrində nəzərdən keçirilir. Məsələn, ailə, sosiallaşma, identiklik, devinantlıq, etiketləmə psixologiyanın müxtəlif qollarının, biotibb, medikalizasiya, xəstə rolu tibb elminin, bərpaedici ədalət hüququn, demokratiya, milli dövlət, sosial hərəkat, vətəndaş cəmiyyəti siyasi elmin, qloballaşma və modernizm, rasionallaşma və realizm daxil olmaqla əvvəldə adı çəkilənlərin də bir qismi fəlsəfənin səlahiyyətlərinə də daxildir.

Təqdim olunan 70 anlayış 10 fəsildə cəmləşdirilib. “Sosioloji düşüncə” adlanan birinci fəsil sosiologiyanın bir növ ümumfəlsəfi kateqoriyalarla əlaqəsini göstərir.

Daha sonra sosiologiyada aparıcı olan metodoloji kateqoriyalar (realizm, refleksivlik, sosial konstuktivizm kimi) və elmi-tədqiqat metodları verilir.

“Ətraf mühit və urbanizm” bölməsi bir sıra dövlətlərin strateji siyasətinin prinsipinə çevrilmiş “davamlı inkişaf” anlayışının açıqlanmasından başlayaraq, urbanizm, miqrasiya, özgələşmə kimi müasir cəmiyyəti səciyyələndirən anlayışların izahı ilə davam edir.

Din, bürokratiya, kapitalizm, təhsil və s. kimi cəmiyyətin strukturları da kitabın ümumi üslubuna uyğun təqdim edilir.

Təqdim olunan mühüm mövzulardan biri müasir cəmiyyətdə qarşılıqlı təsir və kommunikasiyanın arxasında duran proseslər - anlayışlardır. İdeologiyaların mahiyyəti, fərdlərin qarşılıqlı təsirinin konseptualizasiyası, kütləvi media və mədəniyyətin qarşılıqlı münasibəti məhz göstərilən bölmədə təhlil olunur.

Xüsusi mövzuya həsr olunan fəsillərdən biri tibbi sosiologiyaya aid olan anlayışlardır. Burada biotibb anlayışı, əlilliyin sosial modeli, xəstə rolunun sosial modeli, cəmiyyətin medikalizasiyası fenomeni, stiqma kimi konsepsiyalar təqdim olunur. Bəşəriyyətin yenicə pandemiya sınağından keçdiyi dövrdə bu mövzuların əhəmiyyəti bir daha da aktuallaşır və aydın olur ki, hətta ilk növbədə dəqiq elmlərə söykənən tibbin inkişafında da sosial biliklərin önəmi danılmazdır.

Təqdim olunan 70 anlayış cəmiyyətdəki əlaqələrin dərk olunması yolunda böyük potensiala malikdir. Giddens özü qeyd edir ki, bizi əhatə edən sosial aləm hadisə və davranışların nizamsız cəmi deyil. Ayrı-ayrı insanların davranışından tutmuş, cəmiyyətdə gedən bütün proseslərin nüvəsində müəyyən nizam vardır. Sosial struktur bir binadırsa, insan davranışları və münasibətləri onu yaradan kərpiclərdir. Lakin Giddens deyir ki, bu bina fasiləsiz olaraq, yenidən və yenidən tikilir. Bina dəyişməz olmayaraq, sanki daim yenidən yaranır. Bu baxımdan əlavə edə bilərik ki, fərdlər, onların davranış və münasibətləri “kərpic” metaforunu təşkil edirsə, bu fərdlər bilgilənərək, yetkinləşərək, yeni keyfiyyət və möhkəmlik kəsb edir və o zaman onların yaratdığı sosial struktur, tikilən bina da daha möhkəm və uca olur. Cəmiyyətlər onları təşkil edən fərdlərin sosioloji düşüncəsi inkişaf etdikcə, irəliləyir.

Humay Axundzadə
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı