İrandakı səfirliyimizin mühafizəsinin yüksək qurulmasını tələb etməliyik - ŞƏRH

Ötən il Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın ediləndən sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılsa da, iki ölkə arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

Bu isə o deməkdir ki, Azərbaycan-İran arasındakı münasibətlər yenidən öz axarı ilə irəliləyəcək.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafanın sözlərinə görə, İranda Azərbaycan səfirliyinin yenidən bərpa olunması müsbət bir haldır. Bu, İranla münasibətlərimizin müəyyən qədər inkişafına daha yaxşı təsir göstərə bilər:

“Çünki, indiyə qədərki proseslər gərginliyin qalmasının əsas səbəblərindən biri idi. Bu, həm də birbaşa rəsmi Tehran ilə də dialoqumuzun olması baxımından faydalıdır. Ümid edirəm ki, bundan sonra belə insidentlər yaşanmaz. İran dövləti də artıq öz məsuliyyətini anladı ki, Azərbaycana qarşı bu formada təxribatlara yol vermək olmaz.

F.Mustafa qeyd edib ki, səfirliyimizin mühafizə işlərinin daha yüksək səviyyədə qurulmasını həm İran hökumətindən tələb etməliyik, həm də özümüz bu məsələyə xüsusi diqqət ayırmalıyıq. Hesab edirəm ki, bundan sonra münasibətlərin belə zədələnməsinə imkan verəcək addımlar atılmayacaq.

Politoloq Tural İsmayılovun sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlərdə artıq kifayət qədər pozitiv tendensiyalar müşahidə edilir:

“Ən azından son dövrlər hər iki tərəfdən müəyyən müsbət açıqlamaların verildiyini müşahidə edirik. Eyni zamanda, müxtəlif ekspert camiələrındə İran prezidenti Məsud Pezeşkianın seçilməsindən sonra da son aylarda müşahidə edilən Azərbaycan-İran münasibətlərindəki pozitiv məcranın davam edəcəyi vurğulanırdı. Hər halda Azərbaycan səfirliyinin yenidən İranda fəaliyyətə başlaması, həmçinin İranla Azərbaycan arasındakı soyuq münasibətlərin aradan qalxması üçün artıq yeni imkanlar formalaşıb. Biz bunu çox açıq şəkildə müşahidə edirik”.

Politoloq deyir ki, bu tendensiya iki ölkə münasibətlərində yeniliklərin yaranmasına səbəb olur. Əvvəl-axır Azərbaycanla İran arasında səfirliyin bərpası fonunda münasibətlərin yenidən qurulması gözlənilən idi.

"Baxmayaraq ki, bu gün İranın bəlli siyasi dairələri Azərbaycana qarşı münasibətdə səmimi mövqelər ortaya qoymur. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlamaları Azərbaycan əleyhinədir. İranın ayrı-ayrı hökumət qurumları və müəyyən məmurlar var ki, onlar Azərbaycan və Türkiyə əleyhinə İran mediasındakı ritorikalarını dayandırmırlar. Amma diplomatik anlamda dövlətlərarası münasibətlərdə bir yaxşılaşma tendensiyası sezilir" – deyə, Tural İsmayılov bildirib.


Mədinə Zaur/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı