Parlament seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə bildirişlərin forması, sayı və hazırlanmasına aid tələblər təsdiq edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçicilərin məlumatlandırılması vacib məsələ hesab edilir: “Buna görə MSK 6 milyon 300 mindən çox seçicinin hər birinə müvafiq bildirişlərin çatdırılması üçün vacib addımlar atacaq. Hər hansı seçici bu bildirişi almasa, qaynar xəttə müraciət edə bilər. Bildirişlər mətbəə üsulu ilə müxtəlif rənglərdə hazırlanır və üzərində səsvermə haqqında bütün vacib məlumatlar müfəssəl şəkildə izah edilir”.
R.Qasımovun sözlərinə görə, ötən prezident seçkilərində işğaldan azad edilən ərazilərdəki seçicilər üçün fərqli bildirişlər hazırlanmışdı: “Bu dəfə də həmin ərazidə səs verəcək seçicilər üçün fərqli forma və rəngdə bildirişlər hazırlanacaq”.
Bildirilib ki, MSK tərəfindən 6 milyon 516 min 567 bildiriş çap ediləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən, proses səsvermə gününə azı 40 gün qalanadək yekunlaşdırılmalıdır. MSK-nın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında “Təqvim planı”na görə, bu tarix 2024-cü il iyulun 23-dək müəyyən edilib.
2024-cü il iyunun 28-nə olan nəticələrə görə, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 vətəndaş var.