149 yaşlı Azərbaycan mətbuatının bu günü - TƏHLİL

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Azərbaycan mediası bu gün toplumun xəbər tələbatının ödənilməsində, maarifçilik missiyasının yerinə yetirilməsində hansı səviyyədə rol oynaya bilir?

Mediamızın hazırki vəziyyəti ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bugünkü Azərbaycan mediası daim inkişafa can atan, özündə tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran, buna daim can atan mütəhərrik strukturdur:

"Elə bir sahə yoxdur ki, media həmin sahə ilə bağlı ictimaiyyəti məlumatlandırmasın. Ümumən, durumu belə qiymətləndirərdim. Konkretliyə gəldikdə, hazırda Azərbaycan mediası dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir. Bu da təbiidir. Çünki Azərbaycan regionun lider ölkəsidir, yaşadığımız coğrafiya ilə bağlı bütün vacib qərarlarda müstəsna rola malikdir. Bu günün Azərbaycanı o qədər güclü inkişaf edir ki, medianın da bu inkişafa adekvat reaksiya verməsi, tələblərə uyğun, adekvat fəaliyyət göstərməsi mütləqdir.

Adekvatlığın qorunması üçün isə peşəkarlığın daha da artırılmasına ehtiyac duyulur. Biz hər zaman deyirik ki, Azərbaycan mediası dünya mediasına inteqrasiya etməli, onun tərkib hissəsi olmalıdır. Nəzərə alsaq ki, dünyanın da gözü Cənubi Qafqazdadır, məsələ daha aktual səciyyə daşımaqdadır. Deməli, mediamız peşəkar standartları mənimsəməklə yanaşı, xarici dil biliklərinə də yiyələnməlidir. Burada söhbət yalnız xarici dildə xəbər yayıcılığından getmir.

Eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da önəmlidir. Məsələn, azərbaycanlı jurnalist ingilis, fransız, ərəb və sair dili bilirsə, o, həmçinin həmin dillərdə danışan auditoriyanın tələblərini, nələri əsas götürdüyünü aydın şəkildə dərk etməlidir. Bu, peşəkarlığın sərhədlərini daha geniş götürmək zərurətini doğurur. Hesab edirəm ki, müasir media trendinə çevrilmək elə budur".

Milli Mətbuat Günü ilə bağlı fikirlərini bizimlə bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli qeyd edib ki, ölkədə media üçün kifayət qədər azad mühit var və ölkədəki jurnalistlərin peşəkarlığı yüksək səviyyədədir:

"Azərbaycan mediası özünün 149-cu ilini böyük uğurlarla qeyd edir. Bu uğurlar özünü həm medianın texniki strukturu baxımından, həm də yaydığı məzmun baxımından büruzə verir. Bu gün Azərbaycan jurnalistləri kifayət qədər peşəkardırlar və azad mühitdə fəaliyyət göstərirlər, Azərbaycan ictimaiyyətini onun marağında olan informasiyalarla təmin edə bilirlər.

Bu bir faktdır ki, Azərbaycan media ictimaiyyəti media məkanının informasiya dövriyyəsini peşəkar şəkildə təmin edə bilir. Xüsusilə yeni media alətləri və sosial şəbəkə platformaları, internet informasiya resursları da kifayət qədər inkişaf edib. Beləlik, insanların həm ənənəvi media vasitəsilə, həm də alternativ media resursları vasitəsilə xəbər almaları təmin olunub.

Azərbaycan jurnalistikası bu texniki imkanlardan və azad media mühitindən istifadə edərək, həm gündəlik informasiya dövriyyəsini yerinə yetirir, həm də ölkəmiz üçün zəruri olan informasiya savaşında iştirak edir. Bu gün Azərbaycan o ölkələrdən biridir ki, ciddi şəkildə informasiya təzyiqinə məruz qalır. Bunu Prezident İlham Əliyev Şuşada keçirilən II Media Forumunda da qeyd etdi. Həmin informasiya təzyiqlərinin qarşısının alınmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Azərbaycan mediası layiqincə iştirak edə bilir".

Azərbaycan mediasının bu günündən danışan "İki sahil" qəzetinin baş redaktoru, professor Vüqar Rəhimzadə vurğulayıb ki, mətbuatımızın inkişaf tarixindən bəhs edərkən müstəqilliyimizin bərpasından sonrakı dövr xüsusi diqqət çəkir:

"Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan çətin dövr digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu.

Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasını, iqtisadi müstəqilliyin təmin olunmasını təmin edir. Azərbaycanda Vahid Media Reyestri yaradıldı, MEDİA tərəfindən jurnalistlərə vəsiqə verildi. Mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbul edilməsini də xüsusi qeyd etməliyik. Atılan hər bir addım qalib, bütövləşən Azərbaycanın reallıqlarının güzgüsü olan mətbuatın inkişafına, fəaliyyət istiqamətlərini genişləndirməsinə xidmət edir".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR