Azərbaycanın bölgələrinin sosial-iqtisadi həyatının işıqlandırılması üzrə ixtisaslaşmış "Yurd.media" xəbər portalı fəaliyyətə başlayıb.
Metbuat.az xəbər verir ki, saytın təsisçisi və baş redaktoru tanınmış jurnalist Murad Əliyevdir.
"Yurd.media" ölkənin hər guşəsindən son xəbərləri çatdırmaqla yanaşı, regionlarının inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.
M.Əliyev saytın fəaliyyətə başlaması ilə bağlı müraciətində bildirib:
“Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranır. İndi dünya düzəni dəyişir. Azərbaycan yeni reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur. Hər rayonumuzun, hər kəndimizin bu inkişafda müstəsna rolu olmalıdır. Çünki son illər ölkədə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət bölgələrin tam həcmdə istifadə olunmayan potensialını üzə çıxarır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər, lakin, sadəcə olaraq, oturub bu investisiyaları gözləmək olmaz. Yurd.media da bölgələrdə həm xarici, həm də yerli investorları maraqlandıracaq iqtisadi imkanları araşdırmaqla bu missiyaya öz tövhəsini verməyi hədəfləyir”.
Qeyd edək ki, M.Əliyev bundan əvvəl “Report” İnformasiya Agentliyinin baş redaktoru vəzifəsində çalışıb.
Sevinc İbrahimzadə / Metbuat.az