"Forum maraqlı müzakirələr və çıxışlarla yadda qaldı" - Vüqar Zifəroğlu

"Şuşada keçirilən II Qlobal Media Forumu maraqlı çıxışlar və fikir mübadilələri ilə yadda qaldı".

Bunu Metbuat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Forumda əsas mövzu məhz dezinformasiyalarla mübarizə, medianın qarşısında duran əsas vəzifələr və çağırışlar oldu:

"50-ə yaxın ölkənin 150-yə qədər nümayəndəsi bu Forumda iştirak etdi. Əsas vacib məsələ təcrübə mübadiləsinin təşkil edilməsi idi. Peşəkar jurnalist müəyyən situasiyalarda necə davranmalıdır, ümumiyyətlə peşəkarlığın meyarları nələrdir? Bu istiqamətdə maraqlı müzakirələr getdi.

Təkcə Azərbaycanda yox, bütövlükdə jurnalistikanın qarşısında bir çox vəzifələr durur və mənə elə gəlir ki, bu cür forumlar bu vəzifələrin daha da aydınlaşmasında, eyni zamanda təcrübə və fikir mübadiləsinin təşkil edilməsində olduqca əhəmiyyətli rol oynayır".

Qeyd edək ki, Şuşada keçirilən II Qlobal Media Forumuna 20 iyulda start verilib. 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb. Forum bu gün başa çatıb.

Xatırladaq ki, Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumunun açılış mərasimində iştirak edib və xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı