Xalqın qəlbində əbədiyaşar lider

O, kitab və tədqiqatların həsr olunduğu nadir siyasətçi və liderlərdəndir. Azərbaycanın ən parlaq dövlət xadimlərindən biri olan, böyük insan, nəinki problemləri həll etməyə, hətta onları qabaqcadan görməyə qadir lider kimi tarixə düşmüşdür.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti müasir tariximizin bütöv bir dövrünü əhatə etmişdir.

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə, siyasi və iqtisadi təlatümlərdən sarsılmış respublikamızı çətin vəziyyətdən uğurla çıxardaraq surətli inkişafa yönəltmişdir.

10.05.1923-cü il tarixdə anadan olmuş Heydər Əliyev yeniyetmə vaxtlarından ərəb, fars və türk dillərini mükəmməl mənimsəmişdir. Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra sənaye institutunun tələbəsi olmaq niyyəti ilə Bakıya getmişdir. Memarlıq fakültəsini seçmiş və qəbul olunmuş, lakin müharibə başladığından təhsilini başa çatdıra bilməmişdir.

Ulu öndər Heydər Əliyev 1945-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi yanında Rəhbər Kadrların Təkmilləşdirmə Məktəbinin kurslarını bitirərək Ümumittifaq Kommunist Partiyasının sıralarına daxil olmuş, gənc idarəçi Naxçıvandakı yüksək vəzifəli partiya funksionerləri ilə əlaqələr qurmuşdur.

1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə respublika DTK-nın sədr müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunmuş və həmin ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir. Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi seçilmişdir. O, həmin ildə respublikanın rəhbəri seçiləndən sonra ölkədə həyatın ritmi dəyişmiş, o vaxta qədər bütün sahələrdə hökm sürən durğunluq dirçəlişlə əvəz olunmuş və intibah dövrü başlamışdır.

Yeni lider bir neçə il ərzində kadr inqilabı etmiş - O, respublikanın bütün əsas rəhbərlərini dəyişmişdir. Məhz Heydər Əliyevin dövründə Azərbaycanda yüzlərlə rüşvətxor məmurun müvafiq məsuliyyətə cəlb edilməsi təmin edilir - bu isə Heydər Əliyevin hakimiyyəti dövrünün Sovet Azərbaycanının çiçəklənmə dövrünə çevrilməsinin açarı olmuşdur. Respublikanın yeni rəhbəri o vaxta qədər yalnız neft hasil edən ölkənin bütün sahələrini də inkişaf elətdirmişdir. Nəticədə - on ildən sonra, 70-ci illərin sonlarında Azərbaycanda polad istehsalına, əlvan metalların prokatına başlanmış, kimya və neft-kimya maşınqayırmasının mürəkkəb kompleksləri işə salınmışdır. Heydər Əliyevin dövründə respublikada radioelektron sənayesi və cihazqayırma fəal şəkildə inkişaf etdirilməyə başlanılmışdır. Heydər Əliyev 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə Heydər Əliyev maşınqayırma, nəqliyyat, yüngül sənaye və təhsil sahələrinə də nəzarət etmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində baş verən proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət və lider kimi Azərbaycan xalqının taleyinə təsir edən mühüm addımlar atmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan üçün ağır və taleyüklü bir dövrdə xalqın təcili çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev Vətənin xilası naminə müstəsna fədakarlıq göstərmişdir. O, Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən, dərin iqtisadi və siyasi böhrandan xilas edib, davamlı inkişaf yoluna çıxartmışdır. Təsadüfi deyil ki, 1993-cü ilin yayında Azərbaycanın çox ağır vəziyyətində olduğu vaxt, xalq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etmişdir. 1993-cü ilin oktyabrında respublika daxili üsyanlardan və Dağlıq Qarabağ münaqişəsindən sarsılanda Heydər Əliyev “Vətən, sənə nə istəyirsən verərəm” şüarı ilə prezidentliyə namizəd olmağa razılıq vermişdir. Demək olar ki, səsverməyə gələnlərin hamısı, daha dəqiq desək 98,8 faizi ona səs vermişdir.1994-cü ilin yazında Dağlıq Qarabağda müharibə dayandırılmış, Azərbaycanın daxilində isə Heydər Əliyev daxili sarsıntılara səbəb ola biləcək hər şeyin qarşısını qətiyyətlə almışdır. Ona görə də Heydər Əliyev postsovet Azərbaycanını parçalanmaqdan xilas edən siyasətçi hesab olunur. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərdə dönüş yaranmış, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli maraqlarının keşiyində dayanan, torpaqlarımızın qorunmasına qadir olan nizami Silahlı Qüvvələrin yaradılması ilə bağlı mühüm addımlar atılmışdır. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişaf konsepsiyası olan neft strategiyası hazırlanmışdır. Bu, bir daha Heydər Əliyevin həmişə sahib olduğu cəsarətdən xəbər verir – heç də hər siyasətçi 70 yaşında münaqişələrlə parçalanmış gənc respublikaya başçılıq etmək qərarına gəlməyə cürət edə bilməz. Onun siyasi yolunu tədqiq edənlərin fikrincə, çoxları üçün aydın olmayan, onun bu seçimində həlledici amil Heydər Əliyevin doğma torpağına, xalqına əsl və sonsuz məhəbbəti olmuşdur.

Azərbaycanın çiçəklənməsi və inkişafı Heydər Əliyevin adı ilə bağlı olmuş - o, demək olar ki, qısa müddətdə Xəzər dənizində karbohidrogenlərin hasilatına böyük beynəlxalq sərmayələri cəlb etməyə nail olmuşdur. Ən möhtəşəmi isə 20 sentyabr 1994-cü il tarixdə dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalaması olmuş - Azərbaycanın zəngin təbii sərvətlərini dünya bazarlarına çıxaran müqavilə! Prezident Heydər Əliyevin əsas nailiyyətlərindən biri isə Xəzər neftinin ixracı üçün Avropanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisidir. Bu, Azərbaycanın uzunmüddətli perspektivdə uğurlu inkişafı üçün zəmin yaratmışdır. Xüsusən vurğulamaq lazımdır ki, Heydər Əliyevin dövründə Azərbaycan beynəlxalq aləmdə sayılan və hörmət edilən bir ölkəyə çevrildi.

1995-ci ilin noyabr ayında Azərbaycan dövlət müstəqilliyini hüquqi cəhətdən qoruyub saxlamaq üçün ilk Konstitusiyanı qəbul etmişdir. Sonrakı dövrdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla və intensiv şəkildə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan fəal diplomatiya sayəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə münasibətində əsaslı dəyişikliklərə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına hörmət, sərhədlərin bütövlüyü və toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Göründüyü kimi, Heydər Əliyevin güclü dövlət xadimi və istedadlı siyasətçi kimi təkcə Azərbaycanın dünya miqyasında tanınmasında deyil, həm də milli varlığımızın qorunub saxlanmasında tarixi xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev tarixin gedişatını dəyişən və ona təsir etmək qabiliyyətinə malik olan şəxsiyyətlərdən idi. Azərbaycanın müstəqil dövlət kimi qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ideyaları əsasında Azərbaycan inamla irəliləyir, yeni zirvələr fəth edir. Heydər Əliyev irsi həm də gələcək nəsillər üçün zəngin bir xəzinədir. Bütün bu titanik fəaliyyətin, gələcəyə yönəlmiş uzaqgörənliyin və strategiyanın məntiqi nəticəsində, Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq, öz suverenliyini və müstəqilliyini qorumağa qadir olduğunu sübut etmişdir. Sevindirici və qürur vericidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısıdır və onun rəhbərliyi ilə ölkəmiz hərtərəfli qüdrətlənir, əhalinin vəziyyəti daha da yaxşılaşdırılır. Əminik ki, bu tendensiya belə də davam edəcəkdir.

Toğrul Əbdürəhimli
Kəlbəcər Hərbi Prokurorluğunun böyük müstəntiqi,
ədliyyə kapitanı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı