"Yaxın və Orta Şərqdə münaqişə alovlana bilər" - Politoloq

"İsrail və Hizbullah arasında son bir ayda gərginlik xeyli artıb. Bu iki tərəf biri-birinə qarşı açıq-aşkar düşmənçilik edir. Hətta 2006-cı ildə İsrail Hizbullahı aradan götürmək üçün Livana daxil olmuşdu. Düzdür, həmin əməliyyat natamam qaldı, Hizbullah məğlub olmadı. Amma bununla belə, o vaxtdan etibarən İsrailin Hizbullaha qarşı mövqeyi dəyişməyib".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, son hadisələr bir daha onu göstərdi ki, İsrailin regiondakı əsas düşmənlərindən biri də məhz Hizbullahdır.

"İsrailin münaqişədə əsas marağı özünün milli təhlükəsizliyinin təmin edilməsidir. Çünki düşmənləri arasında İsrailə ən yaxın olan məhz Hizbullahdır, Livanda yerləşir. İsrailin Şimal hissəsini daim təhdid altında saxlayır. Hətta xeyli insan təhlükəyə görə ordan təxliyyə edildi".

Politoloq qeyd edib ki, ikinci faktor isə Hizbullahın həm də İran tərəfindən dəstəklənən bir güc olmasıdır:

"İranın maraqlarını təmin edir. İran da İsraili artıq uzun illərdir ki, özünün düşməni elan edib. Hizbullahın kifayət qədər silah arsenalı var. Yüzlərlə ballestik raketləri, dronları var. Bu baxımdan İsrail üçün Hizbullah ciddi təhdiddir. Bu təhdidi aradan qaldırmaq üçün quru əməliyyatı belə həyata keçirə bilər. Amma hazırda bir çox güclər buna qarşıdır. Xüsusilə ABŞ Yaxın və Orta Şərqdəki vəziyyətin gərginləşməsini istəmir. Həm Hizbullah güclü tərəfdir, həm də İran bu hücumu cavabsız qoymayacaq. Belə bir hücüm baş verərsə, bütün Yaxın və Orta Şərqdə münaqişə alovlana bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı