İrəvan bu fürsəti gözləyir, hücuma keçəcək - AÇIQLAMA

"Təxribatlar göstərir ki, ermənilər öz niyyətlərindən geri çəkilməyiblər, hər hansı lokal təxribatlar törədə bilərlər. Ermənistan əslində sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Sözdə təkliflər verirlər, cəhd edirlər, amma mahiyyət odur ki, bu situasiyanı müəyyən vaxta qədər qoruyub saxlamağa çalışırlar. O vaxta qədər ki, Azərbaycan və Türkiyə zəifləsin, bu ölkələrin müttəfiqliyinə xələl gəlsin, sonra hansısa niyyətlərini həyata keçirsinlər".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə üstünlük təşkil edir:

"Guya bir gün Azərbaycanın neft-qaz ehtiyatları tükənəcək və zəifləyəcək, onda hücum edəcəklər. Əslində Ermənistanın Azərbaycana qarşı müharibə aparmaq gücü yoxdur. Nə qədər silah versələr də, ayrı-ayrı ölkələrin hərbçiləri, təlimatçıları gəlsə də, xeyri yoxdur.

Ermənistan müharibənin nəticələrindən narazıdır. Nikol Paşinyan bir qədər realdır, lakin o da öz mövqeyində ardıcıl deyil".

Siyasətçi bildirib ki, böyük dövlətlər regionda güclənmək üçün İrəvandan istifadə edirlər:

"ABŞ, Qərb və Fransa orada bir hərbi baza yaratmaq istəyirlər. Daha doğrusu, Ermənistanın özünü bir hərbi bazaya çevirmək istəyirlər. Ola bilər ki, ABŞ hərbçiləri Ermənistan ordusu adı altında hərəkətə keçsin, onların hərbi geyimində və s. Ermənistan onların istəklərini yerinə yetirir. İstənilən bir halda ABŞ Ermənistan ordusu adı altında Rusiyaya, İrana, hətta Türk dünyasına qarşı əməliyyat keçirə bilər".

Siyasətçi son olaraq vurğulayıb ki, Ermənistanın məqsədi Gürcüstan və Azərbaycanın hesabına ərazilərini genişləndirməkdir:

"Lakin Azərbaycanın həm hərbi, həm iqtisadi və siyasi gücü buna imkan vermir, verməyəcək də. Bu gün Azərbaycan dünyada regionun lider dövləti kimi qəbul edilir".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlərdə Naxçıvan və Kəlbəcərdəki mövqelərimiz bir neçə dəfə atəşə tutulub.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR