Tanınmış professor vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib.

Metbuat.az bildirir ki, o, 1938-ci il oktyabrın 26-da Bakıda anadan olub.1957-1962-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil alıb. 1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb.

Əmək fəaliyyətinə 1955-ci ildə “Leninneft” trestinin 12-ci mədənində operator kimi başlayan Telman Xəlilov 1964-1974-cü illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi,1974-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri işləyib. 1994-1996-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Elm və Təhsil İdarəsində baş mütəxəssis, 1996-cı ildən BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasında dosent, 2012-ci ildən Coğrafi ekologiya kafedrasında professor vəzifələrində çalışıb.

Tədqiqat sahəsi coğrafi ekologiya və torpaqşünaslıq olan professor Telman Xəlilov 50 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 elmi-populyar kitab, 3 dərslik və dərs vəsaitinin müəllifi idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR