Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov parlament seçkiləri ilə bağlı AZƏRTAC-a müsahibə verib.
Metbuat.az həmin nüsahibəni təqdim edir.
-Rövzət müəllim, zəhmət olmasa, parlament seçkilərinin gedişi ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz.
- Səsvermə 19:00-dan etibarən başa çatıb, aşağı seçki komissiyaları səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi istiqamətində olan prosedurları icra edirlər. Bu proseslər isə uğurla davam edir. Seçkilər bizim üçün xüsusi önəm daşıyır. Biz media qarşısında da qürur hissi ilə səsləndiririk ki, bu, Azərbaycanın bütün suveren ərazisində keçirilən ilk parlament seçkiləridir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində olduğu kimi, bu seçkilərdə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla, bütün respublikada səsvermə məntəqələri təşkil etdik və seçicilərimiz öz konstitusion hüquqlarından yararlandılar, öz namizədlərinə səs verdilər.
Bu seçkilərə rekord sayda müşahidəçi qatıldı. Burada siyasi partiyalar, QHT-lər əvvəlki seçkilərdən kifayət qədər daha çox müşahidəçi ilə təmsil olundular. Bu da siyasi partiyaların gələcəkdə keçiriləcək seçkilərə yönəlmiş strategiyası idi. Seçkilər barədə onu da demək olar ki, siyasi partiyaların hətta öz namizədləri olmayan dairələrdə belə müşahidəçiləri var idi. Bu da ondan xəbər verir ki, onlar gələcək planlarını qurmaq istiqamətində öz siyasi strategiyalarını hazırlayırlar.
Respublika üzrə səsvermənin gedişini müşahidə etmək hüququ statusu qazanmış şəxslərin sayı 112 min 749 nəfərdir. Xeyli sayda müşahidəçi qrupunun seçki prosesində iştirakı şəffaflıq baxımından da əhəmiyyətlidir.
Seçki çox sakit atmosferdə keçdi. Lakin bəzi dairələrdə çox ciddi və gərgin emosional vəziyyətin şahidi olduq. Bu emosional hallar bəzən o həddə çatırdı ki, bəzi namizədlər prosesin gedişində seçicilərə belə müəyyən xoşagəlməz davranışlar nümayiş etdirirdilər.
Az sayda dairədən MSK-nın “qaynar xətt”inə də zəng edib namizədlərin onları incitdiklərini və ya hansısa xoşagəlməz davranışlar sərgilədiklərini bildirdilər. Eyni zamanda, bəzi məntəqələrdə gərginlik səbəbindən tərəfləri təmsil edən müşahidəçilər arasında münaqişənin şahidi olduq.
Bu, ümumilikdə yaxşı hal deyil. Amma bütün ölkələrdə seçki təcrübəsi göstərir ki, səsvermə gününün ən xüsusi məqamlarından biri emosiyaların həddində artıq gərilməsidir. Biz isə növbəti seçkilərdə bütün seçicilərə tövsiyə edirik ki, emosiyaları nə qədər gərginləşsə də, öz kübarlıqlarından, alicənablıqlarından vaz keçməsinlər. Ümid edirik ki, gələcəkdə belə hallar baş verməyəcək. Ona görə də istər siyasi partiyalar, istərsə də namizədlər bu cür halların baş verməməsi üçün öz müşahidəçilərini təlimatlandırmalıdırlar.
- İşğaldan azad olunmuş ərazilərdə keçirilən seçki prosesi barədə fikirlərinizi bilmək maraqlı olardı.
- İşğaldan azad olunmuş ərazilərdəki seçici fəallığı kifayət qədər diqqətçəkən səviyyədə idi və bu, bizi çox qürurlandırdı. Həmin məntəqələrdə istər sosial şəbəkələrdə, istərsə də ictimaiyyətə çatdırılan görüntülərdə cüzi də olsa, hansısa xoşagəlməz hallara rast gəlmədik. Məmnunluqla qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərdəki məntəqə seçki komissiyaları öz işlərinin öhdəsindən kifayət qədər peşəkarlıqla gəldilər.