Yarasaların azalması körpə ölümlərini artırır - ARAŞDIRMA

ABŞ-də yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini bir daha ortaya çıxarıb. Yarasalar bir çox insana qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında mühüm rol oynayırlar.

Tək bir yarasa hər gecə minlərlə həşərat yeyir. Bu, tarlalarda həşərat dərmanına ehtiyacı xeyli azaldır. Digər tərəfdən, ABŞ-də yarasa populyasiyası təxminən 20 ildir "ağ burun" sindromu adlı xəstəliklə mübarizə aparır. Təxminən 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya gətirildiyi güman edilən "Pseudogymnoascus destructans" göbələyinin yaratdığı xəstəlik insanlara təsir etmir, ancaq yarasaları öldürə bilir. Bir fərdə yoluxduqda bütün qrupu məhv etmək gücünə malik olan göbələyə hal-hazırda ABŞ-nin 40 ştatında və Kanadanın 9 əyalətində rast gəlinir.

Çikaqo Universitetinin ekoloji iqtisadçısı Dr. Eyal Frank təəccüblü bir araşdırma aparıb və yarasa populyasiyasının azalması ilə körpə ölümü arasındakı əlaqəni ortaya qoyub.“Science” jurnalında dərc edilən araşdırmada, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə həşərat dərmanlarından istifadənin 31 faiz artdığı qeyd edilib.

Həşərat dərmanlarının hava və su ilə qarışa biləcəyi və insan sağlamlığına təsir göstərə biləcəyi faktına əsaslanaraq, Dr. Frank bu maddələrdən istifadənin artdığı bölgələrdə uşaq ölüm nisbətlərini digərləri ilə müqayisə edib.

Bildirilib ki, "ağ burun" sindromu nəticəsində yarasa populyasiyasının azaldığı bölgələrdə həşərat dərmanlarından istifadənin artması nəticəsində uşaq ölümləri 8 faiz artıb. Dr. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.

Tədqiqatçılar ölümlərə başqa səbəb olmadığından əmin olmaq üçün narkotiklər, valideyn işsizliyi, geni dəyişdirilmiş bitkilər və hava kimi amilləri də nəzərə alıblar. Lakin o, bu ölümləri yarasa populyasiyasının azalmasından başqa heç nə ilə əlaqələndirə bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı