Meydanın ortasında qəza - Axşam nə baş verdi?

Psixoloji yorğunluq, motivasiyasızlıq, fiziki hazırlığın yerində olmaması, layiqli ehtiyat qüvvənin azlığı – bəlkə də bunlardan hansısa daha çox hiss olundu, bəlkə də hamısından qismən var idi. Həqiqət isə birdir: “Qarabağ” dünən hətt bir xala da layiq deyildi və məğlub oldu. Avrokubokda ardıcıl 3 qolsuz oyundan sonra fərqlənmək mümkün olsa da, 4-cü yenilgi sıralandı.

Ağdamlılar “Ludoqorets” üzərində tarixi qələbədən bəri azarkeşlərinin üzünü güldürmür. Hətta ölkə reytinqinə xal qazandırmaq baxımından “Zirə” bu mövsüm “Qarabağ”dan daha faydalı olub.

Metbuat.az futbolinfo.az-a istinadən xəbər verir ki, gözlənlən uğursuzluğun siqnalını Qurban Qurbanov hələ matçdan öncəki mətbuat konfransında vermişdi. Onun ümidsizcəsnə “problemlərmiz var” deməsi təsadüfi deyildi, komanda daxilndəki durumdan xəbərdar olduğundan, ehtiyatlanırdı.

“Malmö” yaxşı komanda olduğunu ilk dəqiqələrdən göstərdi. Öndə pressinq edən, topa daha çox sahib olan isveçlilər “Qarabağ”ın oyununu pozmuşdu. Və bu, bütün matç boyu davam etdi, ağdamlılar heç cür özünə gələ bilmədi. Hücumda fəal olmayan, topla yox, topun dalınca qaçan “Qarabağ” büdrəməyə məhkum idi.

Oyunun gedişinin əksinə, hesabı meydan sahibləri açdı. Amma insaf naminə qolun komanda oyunundan daha çox, Olavio Juninyonun fərdi bacarığı sayəsində vurulduğunu qeyd edək. Rəqibini sürətdə udan braziliyalı azarkeşləri ümidləndirdi. Amma ardınca müdafiədə səhv bərabərlik, ikinci hissənin əvvəlindəki növbəti diqqətsizlik rəqibin qələbə qoluna səbəb oldu.

“Qarabağ”ın heyəti ölkə daxilində rəqibləri darmadağın etmək üçün hər nə qədər yetərlidirsə, avrokubokda zəncirin bircə həlqəsinin qırılması fiasko ilə nəticələnir. Ağdamlılar “Malmö”yə yarımmüdafiənin mərkəzndə uduzdu. Həm hücumda çoxala bilməmək, rəngarəng kombinasiyalar qurmamaq, həm də müdafiəyə güc düşməsi iki eynitipli futbolçunun məcburən oynadılması ilə bağlı idi.

Julio Romaonun oyunundakı düşüşün də səbəbi dayaq bölgəsində onunla yanaşı Patrik Andradenin çıxış etməsidir. Hər iki futbolçu daha çox dağıdıcı kimi tanınır və ötürmələrdə, top saxlamada Marko Yankoviç kimi mahir deyillər. Zədə üzündən uzun müddətdir oynamayan Marko oyunu cinahlara yaymaqda, cinahlarda üçbucaqlar yaratmaqda daha bacarıqlıdır. Dünən sonradan meydana çıxan Yankoviç qısa zamanda faydasını göstərdi. Fiziki imkanları yetərli olsaydı, daha çox oynaya bilsəydi, bəlkə də İsveç klubu Bakıda bu qədər rahat oynamaz, bəlkə də xalsız qalardı.

Yankoviçin zədəlndiyi “Ludoqorets”lə oyundan bəri “Qarabağ”ın ardıcıl 3 məğlubiyyət almasının əsas səbəbi məhz onun yoxluğudur. Görünür, Aleksey İsayev və Riçard Almeyda onu əvəzləyəcək vəziyyətdə olmadığı üçün Qurbanov Romao – Andrade duetnə güvənməyə məcbur olub.

Marko Veşoviçin zədəli olması da “Qarabağ”ın oyununa təsir göstərir. Onun yoxluğunda müxtəlif oyunçulara güvənən baş məşqçi istədiyini ala bilmir və ağdamlılar hücumda təkqanadlı qalır. Elvin Cəfərquliyevin ötürmələrinin qarşısını almaq isə çətin olmur. “Atlılar”ın əksər qolları müdafənin sağ cinahındakı boşluqlardan buraxması da bununla bağlıdır. İş o yerə çatdı ki, Qurbanov rəqibin buradakı fəallığını azaltmaq üçün topalma qabiliyyəti daha yüksək olan Bədavi Hüseynov sağ mərkəz müdafiəçisi kimi meydana buraxdı.

İstənilən halda, məğlubiyyətin səbəbini tapmaq Qurbanovun işidir. Uğurlu məşqçi kimi işinə şübhə edilməyən çalışdırıcı təəssüf ki, “”Malmö”nü dayandırmağın yolunu tapa bilmədi, düşündükləri reallaşmadı. Hələ heç nə itirilməyib, qarşıda 6 oyun var. Amma xal qazanmağın vacib olduğu görüşlərdən biri məhz dünən reallaşdı. Evdə, “Malmö” kimi rəqiblər əldən buraxılırsa, “Ayaks”ı, Lion “Olimpik”ini məyus etməkə daha çətin olacaq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə maksimum nəticə qazanmaq, üstəlik, səfərdə də mütləq kimisə büdrətmək lazımdır. Dünənki qəzadan sonra səfərdə uğurlu nəticələrin sayı daha çox olmalıdır. “Qarabağ”ın toparlanacağına ümid edək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı