​Bakıda dəmiryol xəttində qəza - Yaralılar var

Bakıda dəmiryol xəttində qəza olub.

Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar, yaralılar xəstəxanaya yerləşdiriliblər.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: "Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar".

***

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Mercedes Vito” markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Rüstəmov Sərxan Taleh oğlunu və 1954-cü il təvəllüdlü Məmmədova Püstəxanım Baba qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı