"BMT-də islahatların aparılması vacibdir. Dünya bu formada idarə edilə bilməz. Artıq İkinci Dünya Müharibəsinin şərtlərində yaşamırıq. Dünya beş daimi üzvün iradəsinə tabe olmamalıdır".
Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən "TRT World Forum"da çıxışı zamanı deyib. O, dünyanı təhdid edən problemlərin forum çərçivəsində müzakirə ediləcəyini və bu məsələlərə dair lazım olan addımların atılacağını qeyd edib:
"Hər zaman deyirik ki, həqiqətin işığı fikirlərin toqquşmasından doğur. Ümid edirəm ki, iştirakçıların dəyərli baxışları sayəsində forum dövrümüzün çətin problemlərinə yenilikçi və təsirli həllər təqdim edəcək."
Türkiyə Prezidenti hazırkı dövrdə qlobal qeyri-sabitliyin, dramatik hadisələrin və ədalətsizliklərin artdığını bildirərək bunları deyib:
"Bəşəriyyət dönüş nöqtəsindədir. Nəinki yaxın 5-10 ili deyil, eyni zamanda gələcək nəsillərin taleyini dəyişdirəcək hadisələr baş verir. Hər bir böhran düzgün dəyərləndirildikdə yeni bir başlanğıc üçün fürsət ola bilər".
Ərdoğan həmçinin dövlətlər arasındakı rəqabətin getdikcə dağıdıcı xarakter aldığını vurğulayıb.