Sərnişin daşımalarına baxmayaraq, məktəb və iş servisləri avtobuslar üçün ayrılmış xüsusi zolaqlar ilə hərəkət edə bilmir. Onlar da sərnişin daşıyır, ancaq yenə də avtobus zolağına daxil olarkən cərimələnirlər. Bəs sərnişin daşıyan digər avtobusların bu zolaqlara daxil olmasına icazə verilə bilər?
Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, xüsusi ayrılmış zolaqlardan avtobuslardan savayı, operativ nəqliyyat vasitələri - təcili yardım, yanğınsöndürən, polis və s.- hərəkət etməsi məqsədəuyğundur:
“Digər müəssisələrin sərnişin daşıyan nəqliyyat vasitələri də buradan istifadə etsə, bu zaman yolun yükü artacaq və digər zolaqlar kimi onun da funksionallığı olmayacaq. Bəlkə də nə vaxtsa müəyyən edilmiş bəzi şirkətlər üçün əməkdaşların iri tutumlu nəqliyyat vasitələrində bu yoldan istifadə ilə daşınması nəzərdə tutula bilər. Məktəb avtobusları isə registrasiyadan keçdikdən sonra avtobus xətlərinə buraxmaq olar. Amma düşünürəm ki, bu da müəyyən prosedur və çətinlik yaradaraq o zolaqların işlək olmasına mane olacaq. Hər kəs o zolaqdan getmək, getdiyi yerə tez çatmaq istəyir. Əgər elədirsə, ictimai nəqliyyatdan, avtobusdan istifadə edək və getdiyimiz yerə də tez çataq, həmin zolaqlarda da yüklənmə yaranmasın”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslər 100 manat məbləğində cərimə və 2 cərimə balı yazılır.
Sevinc İbrahimzadə / Metbuat.az