Son dövrlərdə sosial şəbəkələrdə psixoloq kimi fəaliyyət göstərən şəxslərin sayı artıb. Lakin onların təhsilinin və ixtisasının olub-olmaması sual altındadır. Maraqlıdır, qanunsuz fəaliyyət göstərən estetik cərrahlara qarşı nəzarət tədbirləri həyata keçirildiyi kimi, psixoloq adı altında fəaliyyət göstərən şəxslərə də oxşar tədbirlər tətbiq olunmalıdırmı?
Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Metbuat.az-a açıqlamasında öz fikirlərini bölüşüb. O bildirib ki, psixologiyanın iki istiqaməti var: birincisi təhsil müəssisələrində yaranan ehtiyacların qarşılanması və ikincisi tibbi istiqamətdə fəaliyyət göstərən klinik psixoloqlardır:
"Bu istiqamətlərdən birincisi aydın məsələdir: magistraturanı bitirdikdən sonra psixoloqlar öz fəaliyyətlərini təhsil müəssisələrində davam etdirirlər. Bunun üçün əlavə sertifikat və digər sənədlərə ehtiyac yoxdur. Tibbi istiqamət isə bir qədər fərqlidir. Bu sahə kliniki psixologiya adlanır və kliniki psixoloqlar hətta magistr dərəcəsi almış olsalar belə, nazirliklərin müvafiq qərarlarına əsasən, onların attestasiyası aparılmalıdır. Yəni onlar digər tibb mütəxəssisləri kimi sertifikatlaşmağa və attestasiyadan keçməyə məcburdurlar. Bu attestasiya prosesi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir və həmin şəxslər yalnız attestasiya prosedurunu keçdikdən sonra tibb müəssisələrində fəaliyyət göstərə bilərlər. Hələ ki tibbi psixologiya sahəsində bu proses tam şəkildə formalaşmayıb, amma Səhiyyə Nazirliyi müvafiq hazırlıqları davam etdirir. Qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq. Təhsil sahəsində magistr dərəcəsi almış şəxslər isə həmin sahələrdə sərbəst şəkildə fəaliyyət göstərə bilərlər".
Millət vəkili qeyd edib ki, diplomu olmayan psixoloqlar tibb mütəxəssisi kimi fəaliyyət göstərməməlidirlər. Bunun üçün onlar kliniki psixoloq olmalıdırlar. Qanun pozuntusu olmasa da, bu sahədə müəyyən boşluqlar var:
"Psixoloq kimi fəaliyyət göstərmək üçün magistr dərəcəsinə və müvafiq diplomlara sahib olmaq tələb olunur. Əgər bu şərtlərə uyğundurlarsa, fəaliyyət göstərə bilərlər. Lakin magistr diplomu olmadan, yalnız kurs keçərək psixoloq kimi çalışmaq qanunsuzdur. Kliniki psixoloq kimi təqdim olunan şəxslərin də müvafiq ixtisasları təsdiq edilməlidir. Bu sahədə nəzarət və tədbirlər həyata keçirilməlidir. Elm və Təhsil Nazirliyi və digər müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu məsələyə müdaxilə edə bilər. Attestasiya qaydaları həyata keçirildikdən sonra kliniki psixoloq ixtisası alan şəxslərin fəaliyyəti daha şəffaf və qanuni olacaqdır".
M.Məmmədli bir daha vurğulayıb ki, hazırda psixoloq kimi fəaliyyət göstərmək üçün əsas şərt magistr dərəcəsinin olmasıdır:
"Bu dərəcə haradan alınıbsa, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilməlidir. Əgər şəxs yalnız qısamüddətli kurs keçibsə və özünü psixoloq kimi təqdim edirsə, bu qanunsuz fəaliyyət hesab olunur. Estetik cərrahlarla bağlı həyata keçirilən nəzarət tədbirləri kimi, psixoloqların da fəaliyyətləri qanunsuzdursa və tələb olunan şərtlərə cavab vermirsə, onlar haqqında müvafiq tədbirlər görülə bilər".
Sevinc İbrahimzadə / Metbuat.az