"Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Metbuat.az xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
TƏBİB-dən bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb.
"Bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib", - məlumatda deyilib.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.