Ukrayna ilə Rusiya arasında davam edən müharibədə diplomatik təşəbbüslər yeni mərhələyə qədəm qoyub. Ukrayna tərəfi bu gündən etibarən 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan edib. Mayın 15-də hər iki ölkənin prezidentlərinin İstanbulda atəşkəsi müzakirə etməsi gözlənilir. Lakin burada əsas məsələ Rusiya prezidenti Vladimir Putinin bu təşəbbüsə necə reaksiya verəcəyidir. Maraqlıdır, Putinin atəşkəsdən imtina etməsinə hansı səbəblər təkan verə bilər?
Politoloq Kazım Kazımov Metbuat.az-a açıqlamasında Ukraynanın 30 günlük atəşkəsə razı olmasını müsbət tendensiya olaraq qiymətləndirib. Onun sözlərinə görə, ən azından 30 günlük də olsa, sülh müqaviləsinə və ya daha uzunmüddətli atəşkəsə qədər bu fasilə müharibədə yeni itkilərin qarşısını alacaq:
“Lakin Putinin bu məsələyə münasibətinə gəldikdə isə hesab edirəm ki, İstanbuldakı görüşlər burada əsas, təməl faktorları formalaşdıracaq. Çünki böyük ehtimalla Rusiya və Ukrayna bir çox məsələlərdə razılığa gələ bilməyəcəklər. Xüsusilə müharibənin necə dayandırılması, Ukraynanın NATO ilə münasibətləri, Krım və Rusiya tərəfindən ələ keçirilmiş digər Ukrayna əraziləri kimi məsələlərdə razılıq əldə olunmasa, Vladimir Putin və Rusiya rəhbərliyi bu atəşkəsə ehtiyatla yanaşacaq”.

K.Kazımov qeyd edib ki, təməl məsələlərdə anlaşma olmasa belə, Moskva xoş niyyət göstərərək 30 günlük atəşkəsə razılıq verə bilər:
“Ancaq Moskvadakı ab-havaya, rus mətbuatında və Kremlə yaxın müxtəlif qurumların açıqlamalarına baxdıqda görünür ki, onlar bu cür atəşkəsin Ukrayna ordusunun özünə gəlməsinə və yeni silah tədarükü ilə güclənməsinə şərait yarada biləcəyini hesab edirlər. Bu səbəbdən də, Rusiyada bir çox məsələlər hələ də aydınlaşmamışkən, müharibə şəraitində belə uzunmüddətli –30 günlük atəşkəsə çox da müsbət yanaşmırlar”.
Sevinc İbrahimzadə / Metbuat.az