İstanbul, 9 iyun, AZƏRTAC
İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilmiş növbəti seçkilər ölkənin siyasi həyatında yeni bir mənzərə yaradıb.
Əvvəla, ölkə üzrə seçici hüququ olanların 86 faizdən çoxunun səsvermədə iştirakı bir daha nümayiş etdirdi ki, Türkiyə xalqı öz siyasi taleyinə heç zaman biganə deyil.
Səsvermənin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 40.86 faizinə sahib olmaqla mandat sayında liderliyi saxlayıb. Cümhuriyyət Xalq Partiyası səslərin (CHP) 24.96 faizini, Millətçi Hərəkat Partiyası (MHP) isə 16.29 faizini qazanıb. Xalqların Demokratik Partiyası (HDP) isə seçicilərin təxminən 13.12 faizinin etimadını qazana bilib. Beləliklə, Türkiyənin yeni parlamentində AKP 258, CHP 132, MHP və HDP isə 80 mandatla təmsil olunacaqlar.
Yeni tərkib bundan əvvəlki parlamentdən əhəmiyyətli şəkildə fərqlidir. Belə ki, hakim AKP deputatlarının sayı 69 nəfər azalıb və o, hökuməti artıq təkbaşına formalaşdıra bilməyəcək.
Yeni parlamentdəki əsas dəyişikliklərdən biri HDP-nin Türkiyə Böyük Millət Məclisinə yeni sima kimi daxil olmasıdır. Digər mühüm element isə əvvəlki parlamentdə cəmi 53 deputatla təmsil olunan MHP-nin 80 mandat əldə etməsidir. CHP-yə gəlincə, bu partiya üç mandat itkisi ilə üzləşsə də, yeni parlamentdə də ana müxalifət funksiyasını saxlaya bilib.
Türkiyə qanunlarına görə, Prezident Rəcəb Tayyib Ərdoğan yeni hökuməti qurmaq üçün Ədalət və İnkişaf Partiyasına etimad göstərəcək. AKP isə yeni hökuməti qurmaq üçün Türkiyə Böyük Millət Məclisindən 276 səs almalıdır. Odur ki, yeni hökumətin formalaşmasında MHP və HDP həlledici gücə çevrilib. Lakin HDP-nin gözlənilən şərtlərinin Ədalət və İnkişaf Partiyası üçün daha ağır olacağını, ümumilikdə isə Türkiyə üçün təhlükəlilik dərəcəsini nəzərə alaraq deyə bilərik ki, seçkilərin nəticələri Millətçi Hərəkat Partiyasının ölkənin ictimai-siyasi həyatındakı proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artıb.
Sirr deyil ki, ortaq hökumətin qurulmasında, yaxud AKP-nin şəriksiz yeni hökumətin formalaşmasında MHP çatışmayan 18 səslə Ədalət və İnkişaf Partiyasına yardımçı olmaq imkanından maksimum bəhrələnməyə çalışacaq. O da aydındır ki, yeni hökumətin qurulmasına dəstək məsələsində MHP ilə HDP-nin AKP qarşısındakı şərtləri bir-birindən tam şəkildə fərqlənəcək. Bu baxımdan, hakim partiyanın MHP ilə əməkdaşlığa üstünlük verəcəyi daha inandırıcı görünür.
Rəsmi məlumata görə, iyunun 13-də Türkiyə Böyük Millət Məclisi yeni tərkibdə ilk toplantısını keçirəcək.
İyunun 9-da Baş nazir Əhməd Davudoğlunun istefa ərizəsi ilə Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edəcəyi gözlənilir. Türkiyə qanunlarına görə, istefadan sonra yeni hökumət formalaşana qədər Əhməd Davudoğlu hökumət başçısı səlahiyyətlərini icra edə bilər. Yeni hökumətin qurulması isə seçkilərdən sonrakı 45 gün ərzində başa çatmalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul