[ 09 İyun 2015 17:50 ]
Bakı. Fərid Mirzəyev – APA. “1957-ci ildə ana dilinin statusunu ölkədə qaldırmaq məsələsi meydana çıxanda Azərbaycan Ali Sovetinin qərarı ilə Kənd Təsərrüfatı, Mədəniyyət və Maliyyə nazirliklərində Azərbaycan dilinin tətbiqinin vəziyyəti yoxlanılıb. Çox güman ki, biz də bu ənənəyə sadiq qalaraq, belə bir yoxlamaya həmin üç nazirlikdən başlayacağıq”.
Bunu APA-ya açıqlamasında bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.
Q. Məhərrəmlinin sözlərinə görə, Dilçilik İnstitutu bu işə gələn il başlayacaq: “Gələcəkdə həmin nazirliklərin sayı artacaq. Burada məqsəd hər hansı nazirlikdə səhv tapmaq deyil. Əsas məqsəd Azərbaycan dilinin düzgün tətbiqidir. Məsələn, kargüzarlıq sənədlərinin nümunələri, prezidentin sərəncamı var. Biz o nümunələrin üzərində işləyirik ki, nazirliklər məktub yazanda, çıxarış edəndə kargüzarlıqla bağlı qaydaları nəzərə alsın. Biz əminik ki, bu işlər qaydasındadır. Amma hər halda buna dilçi alimlərin baxmağı çox vacibdir. Çünki dil əsas ünsiyyət vasitəsidir və bu rəsmi sənədlərdə öz əksini çox dəqiq, dürüst və aydın şəkildə tapmalıdır. Təəssüf ki, bəzən belə olmur. Mətbuatda bəzi icra hakimiyyəti orqanlarının sənədləri çap olunur. Baxırsan ki, dilin qaydaları gözlənilmir”.