Bakı, 9 iyun, Flora Şükürova, AZƏRTAC
İyunun 9-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş yeni broşürlərin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çap olunmuş broşürlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinə 40-a qədər müəllifin əsəri təqdim olunmuşdur. Artıq onların bir hissəsi çap edilib.
Vurğulanıb ki, təkcə klassiklər deyil, bu gün yazıb-yarada musiqişünaslar haqqında da kitabların yazılması vacibdir. Məsələn Emin Sabitoğlu, Azər Rzayev kimi bəstəkarlarla yanaşı, İmruz Əfəndiyeva, Sevda İbrahimova, Oqtay Rəcəbov və başqaları da vardır ki, onların əsərləri, xüsusilə Qarabağ mövzusunda yazdıqları əsərlər çox böyük rəğbət qazanıb.
Bildirilib ki, “Şərq –Qərb” nəşriyyatında çap olunmuş bu broşürlərda bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir. Bu gün onlar tədris üçün də böyük əhəmiyyətə malikdir.
Sonda müəlliflər imzaları ilə kitablarını oxuculara təqdim ediblər.
“Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi əsasında yeni broşürlər çap olunub