KİV-lərdə yayılan məlumata görə, “Tramp Körpüsü” (TRIPP) adlı yeni layihə çərçivəsində Zəngəzurdan keçən marşrut vasitəsilə Azərbaycan üçün maneəsiz və təhlükəsiz ticarət və yükdaşımalarının təmin olunması nəzərdə tutulur. İddia edilir ki, sırf iqtisadi-ticarət xarakterli olan layihə Vaşinqton tərəfindən qoşun yerləşdirilmədən, “birinci dərəcəli operatorlar” vasitəsilə idarə olunacaq.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Zəngəzur Dəhlizinin açılması istiqamətində atılan prinsipial və qətiyyətli addımlar böyük əhəmiyyət kəsb edir:
"Hazırda bu proses inkişaf mərhələsindədir. Artıq məlum olub ki, Amerika Birləşmiş Ştatları Zəngəzur Dəhlizinin açılmasında birbaşa maraqlıdır. ABŞ bu dəhlizə nəzarət etmək niyyətini gizlətmir və görünür ki, ABŞ ilə Ermənistan arasında bu məsələ üzrə müəyyən anlaşmalar mövcuddur. Onların bu anlaşmaları hüquqi sənəd kimi imzalamaq niyyətindədilər. Bu layihənin reallaşması həm Cənubi Qafqaz, həm də Avropa və Asiya üçün mühüm əhəmiyyət daşıyır. Çünki Zəngəzur Dəhlizi necə adlanmasından asılı olmayaraq həm Azərbaycanın materik hissəsini Naxçıvanla, həm də Avropanı Asiya ilə birləşdirəcək və genişmiqyaslı, uzunmüddətli iqtisadi-ticari əlaqələrin əsas mərkəzi rolunu oynamağa başlayacaq. Bu baxımdan layihə yüksək geostrateji əhəmiyyətə malikdir. Digər tərəfdən, artıq aydın görünür ki, Zəngəzur Dəhlizi Rusiya və İran üçün əlçatmaz layihəyə çevriləcək. ABŞ-nin dəhlizə nəzarəti öz üzərinə götürməsi Rusiyanın burada iştirakını tamamilə istisna edir. Eyni zamanda, İranın da bu dəhlizlə bağlı hər hansı iddia irəli sürməsi artıq mümkün olmayacaq. Beləliklə, “qırmızı xətlər”dən tez-tez danışan Tehran bundan sonra Zəngəzur Dəhlizi və ümumilikdə Cənubi Qafqaz mövzusunda hansısa iddialar irəli sürmək şansını itirdi. Rusiya üçün isə Cənubi Qafqazın qapıları bağlanmaq üzrədir. ABŞ-nin Zəngəzur Dəhlizində mövcudluğu Rusiyanın regional mövqelərinə ciddi zərbə vuracaq".

O qeyd edib ki, Azərbaycan üçün isə dəhlizin necə adlanması ciddi əhəmiyyət daşımır. Əsas məsələ Zəngəzur Dəhlizinin Azərbaycanın maraqları və şərtləri daxilində fəaliyyət göstərməsidir. İlkin məlumatlar göstərir ki, Azərbaycanın şərtləri və tələbləri Zəngəzur Dəhlizinin açılmasıyla bağlı prosesdə nəzərə alınır:
“Tramp Körpüsü” adının gündəmə gəlməsi həm Rusiyada, həm də İranda narahatlıq yarada biləcək məsələdir. Əgər Zəngəzur Dəhlizinə ABŞ-yə məxsus belə bir adın verilməsi nəzərdə tutulursa, bu, layihəyə nə Rusiya, nə də İranın müdaxilə edə bilməz. Bu halda dəhliz birbaşa ABŞ-nin təhlükəsizlik təminatı altında olacaq. Bütün bunlar göstərir ki, Cənubi Qafqazda yeni mərhələ başlayır və bölgə yenidən dizayn olunur. Bu prosesdə Zəngəzur Dəhlizi həm geopolitik, həm geoiqtisadi, həm də geostrateji baxımdan həlledici rol oynayır. Beləliklə Rusiyanın Cənubi Qafqazda hegemonluq planları və bölgəni qarışdırmaq ssenariləri boşa çıxmış olacaq. Çünki dəhlizin fəaliyyəti, ilk növbədə, regionda sülhün və sabitliyin təmin olunmasından asılıdır".
Elçin Xalidbəyli əlavə edib ki, ABŞ regiona Zəngəzur Dəhlizi üzərindən yerləşirsə, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması qaçılmazdır və bu, Zəngəzur dəhlizinin fəaliyyəti üçün böyük önəm daşıyır.
Ülkər Cəlilzadə / Metbuat.az