Naxçıvan, 10 iyun, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilmiş “Son məktub” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Özhan Eren ekran əsəri barədə məlumat verib. Rejissor Çanaqqala dastanını əks etdirən film üzərində işə 7 il əvvəl başladığını diqqətə çatdıraraq bildirib ki, filmin ssenarisi 1915-ci ildə ağır döyüşlərin getdiyi günlərdən qalma bir məktubun əsasında hazırlanıb.
Əslən azərbaycanlı olduğunu deyən Özhan Eren filmdə iki azərbaycanlı aktrisanın da rol aldığını vurğulayıb. Onlardan biri baş rolun ifaçısı Nəsrin Cavadzadədir. Bu günədək doqquz filmdə çəkilən aktrisa 10 mükafata layiq görülüb. Digər azərbaycanlı aktrisa isə Mina rolunda çıxış edən Nərmin Hüseynovadır. O, filmdə azərbaycanlı tibb bacısı obrazını canlandırır.
Məşhurlardan Tansel Öngel, Hüseyin Avni Danyal, Bülent Şakrak və Barbara Sotelsekin də çəkildikləri ekran əsəri 20 milyon türk lirəsinə başa gəlib. Yəni “Son məktub” bugünədək Türkiyədə çəkilən filmlər arasında ən böyük büdcəsi olan ekran əsəridir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” kəlamı Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin təməl prinsipini təşkil edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir və möhkəmlənir. Türkiyə ilə Azərbaycanın Çanaqqala zəfərinin 100 illiyinin birgə qeyd etməsi də bunun göstəricidir. Bu, həm də ermənilərin uydurduqları qondarma soyqırımına birgə cavabdır.
“Çanaqqala zəfəri ilə öyünməyə azərbaycanlıların da haqqı var. Çünki bu döyüşlərdə bizim vətənpərvər həmyerlilərimiz də iştirak edib. Naxçıvandan minlərlə könüllü Çanaqqala savaşlarına qoşulub və işğalçı qüvvələrə qarşı vuruşub, qan qardaşlarına maddi kömək göstəriblər”, - deyən Azad Cabbarov qeyd edib ki, Çannaqala zəfərinin birlikdə qeyd olunması Türkiyə və Azərbaycan dövlətlərinin bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də həmrəy olduqlarını göstərir. Bu, həmin tarixi zəfərdən çıxan ibrət dərslərinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət etməklə yanaşı, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə birgə inamın təcəssümüdür.
Naxçıvanın qardaş ölkələr olan Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün əhəmiyyətini diqqətə çatdıran Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihad Ərşən bildirib ki, bu gün iki qardaş ölkə arasında əlaqələr daim inkişaf edir. Qarşılıqlı inam və etimadın mövcudluğu bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyini göstərir.
Nihat Ərşən Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq deyib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb.
Sonra filmin nümayişi olub.