[ 11 İyun 2015 12:47 ]



Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 15 aprel 2015-ci il tarixdə elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Komissiyadan APA-ya verilən məlumata görə, 15 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınıb. Qeydə alınan namizədlərin 75,72%-ni gənclər təşkil edib. Namizədlərdən 999 nəfəri (35,05%) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 1851 namizəddən 28,09%-i qadın, 74,77%-i gənc namizəd olub. Test imtahanı mərhələsini 147-si qadın namizəd olmaqla 548 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 22,99%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını, 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

121 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb. Lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi (qeydə alınmış 957 namizəddən 203 nəfəri), Dövlət Statistika Komitəsi (qeydə alınmış 588 namizəddən 130 nəfəri).