Bakı, 11 iyun, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca 5 milyon AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazların ödənmə tarixi 2024-cü il noyabrın 21-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.