“Sony” yeni nəsil “PlayStation” konsolu üzərində işlərini davam etdirsə də, “PlayStation 6”nın (PS6) bazara çıxacağı tarix hələ müəyyənləşdirilməyib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, “Sony”nin baş direktoru Hiroki Totoki bildirib ki, artan çip və digər avadanlıq xərcləri yeni konsolun buraxılış planlarına təsir göstərə bilər. Şirkət həmçinin yaxın vaxtlarda “PlayStation 5”in qiymətlərini artırıb.
Əvvəllər PS6-nın 2027 və ya 2028-ci ildə təqdim ediləcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin Totokinin açıqlaması bu tarixlərin təsdiqlənmədiyini göstərir.
Artan istehsal xərcləri “Sony” qarşısında həm konsolun texniki imkanlarını artırmaq, həm də qiyməti istifadəçilər üçün məqbul səviyyədə saxlamaq problemini yaradır.
Qeyd edək ki, şirkətin Blu-ray disk istehsalını 2028-ci ildə dayandırmaq planı da “PlayStation”ın gələcəyi ilə bağlı müzakirələri artırıb. Bununla belə, PS6-nın yalnız rəqəmsal oyunları dəstəkləyəcəyi barədə rəsmi məlumat yoxdur.