Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı yeni hesabat açıqlayıb.

Metbuat.az xəbər verir ki, hesabata görə, avqustun 26-na olan məlumata əsasən, ölkədə 5 794 təsdiqlənmiş Ebola hadisəsi qeydə alınıb. Virusun yaratdığı xəstəlik nəticəsində 2 786 nəfər həyatını itirib.

Ebola epidemiyasının KDR-də 60 səhiyyə bölgəsinə yayıldığı, ümumilikdə isə 6 əyalətin xəstəlikdən təsirləndiyi bildirilib.

ÜST qeyd edib ki, qeydə alınan ölüm hallarının təsdiqlənmiş yoluxmalarla nisbəti təxminən 48,1 faiz təşkil edir. Təşkilat bu göstəricinin xəstəliyin ciddi xarakterini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Hesabatda həmçinin qeyd olunub ki, son üç ay ərzində epidemiyanın miqyasında və coğrafi yayılmasında əhəmiyyətli artım müşahidə edilib. Xəstələrin vaxtında müəyyənləşdirilməsində yaranan gecikmələr isə virusun həm icmalarda, həm də səhiyyə müəssisələrində yayılmasının davam etməsi riskini artırır.

ÜST xəstəliyin qarşısının alınmasında vaxtında diaqnostika, tibbi xidmətə çıxışın təmin edilməsi və müalicənin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Təşkilatın məlumatına görə, avqustun 18-də keçirilən ÜST Fövqəladə Hallar Komitəsinin tövsiyəsinə əsasən, Ebola epidemiyası beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti olaraq qalır.