Şengen vizası almaqda yaranan çətinliklər, uzunmüddətli gözləmə və artan imtina halları Türkiyə vətəndaşlarını alternativ səyahət istiqamətlərinə yönəldib. Məlum olub ki, Türkiyə vətəndaşları dünyanın 103 ölkəsinə vizasız, sərhəddə viza və ya elektron viza imkanlarından istifadə etməklə səfər edə bilərlər.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatlarına istinadən yerli media məlumat yayıb.
Məlumata görə, bəzi ölkələrə səfər üçün Türkiyə vətəndaşlarından ümumiyyətlə pasport tələb olunmur. Yeni nəsil çipli şəxsiyyət vəsiqəsi ilə də bir sıra istiqamətlərə səyahət etmək mümkündür.
Bildirilib ki, Türkiyə vətəndaşları Şimali Kipr Türk Cümhuriyyətinə, Azərbaycana, Gürcüstana, Moldovaya və Ukraynaya çipli şəxsiyyət vəsiqəsi ilə səfər edə bilərlər.
Bu ölkələrdən Azərbaycana və Moldovaya 90 günədək, Gürcüstana isə bir ilədək şəxsiyyət vəsiqəsi ilə giriş imkanı mövcuddur. Şimali Kipr Türk Cümhuriyyətində də 90 günədək qalmaq mümkündür.
Şengen zonasına daxil olmayan bir sıra Avropa və Balkan ölkələri də Türkiyə vətəndaşları üçün vizasız səyahət imkanı yaradır.
Serbiya, Bosniya və Herseqovina, Albaniya, Kosovo və Şimali Makedoniyaya 90 günədək vizasız səfər etmək mümkündür. Belarus isə türklərə 30 günədək vizasız giriş imkanı təqdim edir.
Həmçinin Asiya istiqamətində də Türkiyə vətəndaşları üçün geniş seçim mövcuddur.
Yaponiya və Cənubi Koreyaya 90 günədək, Tayland və İndoneziyaya isə 30 günədək vizasız səfər etmək mümkündür. Malayziyada 90 gün, Sinqapur və Filippində isə 30 günədək vizasız qalmaq hüququ var.
Maldiv adalarına səfər edən Türkiyə vətəndaşlarına 30 günlük ödənişsiz sərhəd vizası verilir. Şri-Lankaya isə elektron və ya sərhəddə viza ilə getmək mümkündür.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan da vizasız səyahət istiqamətləri arasındadır.
Yaxın Şərq ölkələrindən Qətərə 90 günədək, Omana 30 günədək vizasız giriş mümkündür. Livan və İordaniya da vizasız səyahət edilə bilən ölkələr sırasındadır.
Səudiyyə Ərəbistanına turist səfərləri üçün sərhəd vizası və ya elektron viza imkanları mövcuddur. Mərakeş və Tunisə isə 90 günədək vizasız getmək mümkündür.
Afrika qitəsində də Türkiyə vətəndaşları üçün müxtəlif güzəştlər tətbiq olunur. Botsvana, Esvatini, Mozambik və Namibiya kimi ölkələrə vizasız, bəzi digər ölkələrə isə elektron və ya sərhəd vizası ilə səfər etmək mümkündür.
Cənubi və Mərkəzi Amerika ölkələri də Türkiyə pasportu sahibləri üçün geniş səyahət imkanları yaradır.
Argentina və Braziliyaya 90 günədək vizasız səfər etmək mümkündür. Çili, Kolumbiya, Peru, Ekvador, Uruqvay, Boliviya və Venesuela da vizasız istiqamətlər sırasındadır.
Baham adaları, Barbados, Yamayka, Kosta-Rika və Panamaya da vizasız getmək mümkündür. Dominikan Respublikasında isə 30 günlük sərhəd vizası tətbiq olunur.
Meksikaya hava yolu ilə səfər edən Türkiyə vətəndaşları elektron viza imkanından yararlana bilərlər.