Yaponiyanın mərkəzi hissəsində güclü yağışlar ciddi fəsadlara səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Naqoya şəhərində rekord miqdarda yağıntı nəticəsində bir sıra küçə və yaşayış məntəqələrini su basıb. Güclü yağış nəqliyyatın hərəkətində də ciddi problemlər yaradıb.

Məlumata görə, təxminən 200 avtomobil sel sularından zərər görüb. Bir sıra nəqliyyat vasitələri yollarda və dayanacaqlarda su altında qalıb. Şəhərdə avtobus və metro xidmətlərinin fəaliyyəti də müvəqqəti dayandırılıb.

Güclü yağış səbəbindən minlərlə sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Naqoyada bir saat ərzində 104,5 millimetr yağıntı qeydə alınıb ki, bu da şəhər üçün rekord göstəricidir.

Yaponiyanın Meteorologiya Agentliyi ölkənin bəzi bölgələrində güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları əhalini daşqın və torpaq sürüşməsi təhlükəsinə qarşı diqqətli olmağa çağırıb.

Güclü yağışlar Şizuoka prefekturasında da torpaq sürüşməsinə səbəb olub. Fuci dağı ərazisində üç avtomobil torpaq altında qalıb.