Avtomobil sənayesində yeni dövr başlayır. Sükan və qaz-fren pedalları olmayan tam avtonom avtomobillərin real yollarda sınaqdan keçirilməsi nəqliyyat anlayışını kökündən dəyişə bilər.
Metbuat.az xəbər verir ki, “Tesla”nın təqdim etdiyi yeni model sükan, qaz və əyləc pedalları olmadan hərəkət etmək üçün hazırlanıb. Avtomobilin ilk real yol sınaqları artıq həyata keçirilib.
Mütəxəssislərin fikrincə, bu texnologiyanın yayılması ilə avtomobilin yalnız nəqliyyat vasitəsi kimi deyil, xidmət kimi istifadəsi də genişlənə bilər. Avtonom avtomobillər sahibi istifadə etmədiyi vaxtlarda sərnişin daşımaqla gəlir gətirən “robot taksilərə” çevrilə bilər.
Bu dəyişiklik avtomobil sənayesində əmək bazarına da təsir göstərəcək. Ənənəvi istehsalda işçi sayının azalacağı, bunun əvəzində süni intellekt, robototexnika, çip, proqram təminatı və avtonom idarəetmə üzrə mütəxəssislərə tələbin artacağı gözlənilir.
Avtomobillərin quruluşunda da ciddi dəyişikliklər mümkündür. Sükan, pedallar, sürət qutusu və bəzi digər ənənəvi komponentlərə ehtiyacın azalması həmin sahələrdə çalışan istehsalçıları yeni texnologiyalara uyğunlaşmağa məcbur edə bilər.
Beləliklə, gələcəkdə “avtomobilim haradadır?” sualını deyil, “məni hansı avtomobil götürməyə gəlir?” sualını verməyimiz mümkündür.