“Fənərbaxça”da baş məşqçi İsmayıl Kartalın komandadakı gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis istefa qərarından geri dönərək vəzifəsində qalsa da, klubda vəziyyətin tam sabitləşmədiyi bildirilir. Məlumata görə, Kartal klub prezidenti Aziz Yıldırım tərəfindən inandırılaraq komandada qalmağa razı salınıb. Bununla belə, “Eyüpspor”la oyunda mümkün xal itkisi baş məşqçinin taleyinə təsir edə bilər. Bildirilir ki, belə bir hal baş verərsə, rəhbərlik milli komandaların oyunları üçün yaranacaq fasilədən istifadə edərək Kartalla yolları ayırmağı və yeni baş məşqçi ilə anlaşmağı nəzərdən keçirir. İddia olunur ki, Kartal heyətin formalaşdırılması ilə bağlı istəklərinin nəzərə alınmamasından da narazıdır.
Məlumata görə, o, Anderson Taliska, Fred və Jayden Osterfoldenin komandada saxlanılmasını, Dorgeles Nene və Marko Asensionun isə yaxşı təklif gəldiyi halda satılmasını istəyib. Bildirilir ki, Kartal yaxın çevrəsinə “Nə dedimsə, əksi oldu” ifadəsini işlədərək heyət planlamasından narazılığını ifadə edib.